Ayxan Abbasov foks göstərə biləcəkmi?

20 Dekabr 2020 13:00 Sumqayıt 923
Ayxan Abbasov foks göstərə biləcəkmi?

Koronavirusa görə Azərbaycan Premyer Liqasında yaranmış fasilə bu gün başa çatır.

Buna ən çox etiraz edən və üzülən komanda "Sumqayıt"dır.

Əbəs deyil ki, "kimyaçılar"ın baş məşqçisi Ayxan Abbasov Peşəkar Futbol Liqasının açıqladığı yeni təqvimə ilk etiraz edənlərdən biriydi.

Onsuz da gənc mütəxəssisin komandası heyətin kasadlığı və zədəli futbolçuların olması baxımından əziyyət çəkirdi.

Bunun nəticəsi olaraq fasiləyə kimi son 4 turda onun yetirmələri yalnız bir xal qazana bilmişdi. Bir yandan da koronavirus bəlası komandadan yan keçmədi. Yan keçməmək cəhənnəm, ən çox zərəri də məhz "Sumqayıt"a vurdu.

Nə az nə çox düz 18 futbolçuda koronavirus aşkarlandı. Sonradan say 10-a düşdü. Yalnız dünən - oyuna bir gün qalmış testin nəticələri çıxandan sonra məlum oldu ki, hər kəsdə cavab neqativdir.

Dünən testinin cavabı neqativ çıxan futbolçulardan 4-5 nəfər bu gün meydanda olmayacaq. Çünki sonuncu dəfə nə vaxt məşqə çıxdıqlarını heç özləri də xatırlamırlar.

Gəl indi bu qədər problem burulğanında "Zirə"yə qarşı komanda hazırla və meydana burax. Amma bu qədər çətinliklərin fonunda bir işartı - Ayxan Abbasov amili var. Çünki o, belə periodlara çox düşüb və uğurla da çıxmağı bacarıb.

Məhz gənc mütəxəssisə görə, "Sumqayıt"ın rəqibinə rahatlıqla boyun əyəcəyini düşünmək olmaz.

Mövsümün əvvəlini yada salsaq yetər, məncə. Hər kəsin autsayder saydığı "Sumqayıt" uzun müddət lider kürsüsündə oturmağı bacardı. Heyətdə uzun müddət futbolsuz qalan Elvin Məmmədov, Kərəm Sultanov kimi futbolçuların olmasına rəğmən.

Amma bu xına o xından deyil. Problemlər daha dərindir. "Sumqayıt"ın ən azı "Zirə" ilə oyunda uğursuzluğa son qoyacağı inandırıcı görünmür. Görəsən, Abbasov növbəti dəfə fokus göstərə biləcəkmi?

Xanoğlan İmanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti