COP29

“Qarabağ”la “Neftçi”nin müdafiəçiləri eyni düşünüb, fərqli qərar verdilər - VİDEO

8 Dekabr 2024 18:35 Sportinfo TV 1 151
“Qarabağ”la “Neftçi”nin müdafiəçiləri eyni düşünüb, fərqli qərar verdilər - VİDEO

"Neftçi" tarixi derbidə növbəti dəfə "Qarabağ"a məğlub oldu.

Bu, "ağ qaralar"ın əzəli rəqiblə duellərdə ardıcıl 9-cu məğlubiyyəti idi.

Matç həm də paytaxt klubunun müdafiəçisi Yuri Matias üçün fiasko ilə yadda qaldı.

Xüsusilə üçüncü qolda braziliyalının hərəkətləri peşəkarlıqdan tam uzaq idi.

Bəs əsl peşəkar davranışı necə olmalıydı?

Bu barədə günlərdir çox danışılıb, çox yazılıb.

Biz isə bu dəfə 29 yaşlı müdafiəçiyə canlı nümunə təqdim edəcəyik.

Çox uzağa getmədən, elə həmin oyundan.

Söhbət "köhlən atlar"ın müdafiəçisi Kevin Medinanın Matiasın epizoduna bənzər və hətta oyundankənar vəziyyətin daha qabarıq göründüyü anda verdiyi qərardan gedir.

Kolumbiyalı Ramil Şeydayevin oyundankənar vəziyyətdə olduğunu gördüyü halda, hakimlərin qərarına bel bağlamadan rəqibinin arxasınca şığıyır, qapıya zərbə vurmasına hər vəclə mane olmağa çalışır və bacarır da.

Bəli, ardınca Şeydayevin oyundankənar vəziyyətdə olması qərarı verilir.

Əks halda "Qarabağ"ın qapısına penal da verilə bilərdi. Medinanın müdaxiləsi sərt idi.

Lakin burada əsas məsələ epizodun necə sonluğa çatması yox, Medinanın Matiasdan fərqli olaraq epizodu son ana kimi izləməsidir.

Bəlkə də əcnəbi müdafiəçi bu epizodu gözdən qaçırıb.

Heç təqdim edəcəyimiz video da qarşısına çıxmaya bilər. Amma dostları mütləq görəcək. Şiddətlə ona da göstərmələrini məsləhət görərdik.

Bəlkə, bir az utanar, məsuliyyət hissi artar, əsl peşəkarlıq necə olur görər. Axı öyrənmək heç vaxt gec deyil.

XANOĞLAN/ SPORTİNFO.AZ

Haqqında bəhs etdiyimiz videoya aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
21 Yanvar 18:10 Çək və bizə göndər!
21 Yanvar 11:20 O gün olsun ki…