«Keşlə» ötən mövsüm «Neftçi» ilə qarşılaşmaların hamısını uduzmuşdu.
Cari «futbol ili»nin ilk dövrəsinin oyunu da onlar üçün yaxşı keçməmiqdi, meydandan məğlub ayrılmışdılar.
Yenə həmin ssenari işə düşmüşdü. 35-ci dəqiqəyə kimi. Hadisələr «Neftçi»nin istədiyi məcrada inkişaf edirdi ki… «Keşlə» qəflət yuxusundan birdən-birə ayıldı.
Felipe Santos öncə penaltidən fərqi azaldıb, ev sahiblərini paltardəyişmə otağına ümidli yolladı, fasilədən az sonra isə Rəhman Hacıyev sezonun qolları arasına düşməyə layiq vuruşla status-kvonu bərpa elədi.
Anatole Abanqın 86-cı dəqiqədə fərqləndiyi epizod «Keşlə»ni layiq olduğu qələbəyə daşıdı.
Sənan Qurbanov indi bir az özünə gəlsin. «Neftçi»ni hərtərəfli analiz etdiyi göründü. «Keşlə»nin baş məşqçisi komandasını yalnız rəqibə qarşı hazırlamamışdı.
O, Rauf Cabarovu nə nəzərə almışdı. Referinin onlara simpatiya bəsləməyəcəyini bilirdi, amma yəqin ki, bu qədər yox.
Referi oyunun lap əvvəlində Vojislav Stankoviçin Felipe Santosu kobudluqla dayandırmasına göz yummalı deyidi, təmiz penalti epizodu idi.
Cabarov burada özünü Koroğlunun oğlu yerinə qoymaqla, Sənan Qurbanovu da «cin atına mindirdi», sonra da ona sarı vərəqə göstərdi. Belə qərəzli münasibəti Qurbanov yox, bir başqası da görsəydi, əsəblərini cilovlamağa çətinlik çəkərdi.
Bütün bunlara rəğmən, futbol ilahəsi öz ədalətli qərarını ortaya qoydu, «Keşlə»nin 3 xal arzusunu gerçək etdi.
Demək artıqdır, «Keşlə» medallar uğrunda mübarizə aparmaq gücündədir və rəhbər şəxslər bugünədək Sənan Qurbanova şans tanıyıblarsa, ən azı, qış fasiləsinədək də ona dəyib-dolaşmasınlar, imkan versinlər, qoy az da rahat nəfəs alsın.
«Neftçi»ni məğlub etmək yaradıcılığın və motivasiyanın birgə uğurudur. Qurbanov bunu futbolçularına aşılamağı bacardı, özünü də,kollektivini də qələbəyə inandırdı.
Və bununla əksər səhvlərinin «günahını yudu», təmizləndi. Həftənin məşqçisi adına ən layiq olan da odur.
SPORTİNFO.AZ

