Azərbaycan Premyer Liqasında yeni mövsümün startına hələ 3 aya yaxın vaxt var.
Lakin indidən müzakirələr qızışıb. Ki, AFFA klub sayını artırsın.
Bəli, mən də çox istərdim ki, elitada iştirakçı sayı ən azı 16 olsun.
Bəs reallıq?
Günümüzün həqiqətləri bunun tez olduğunu göstərir.
Bu gün aşağı liqada Premyer Liqaya nisbətən hazır yeganə klub "Səbail"di. O da AFFA-nın balansında olan "ASCO Arena" əllərindən alınmasa.
Tərəflər arasında icarə müqaviləsi yayda bitir.
Digər namizədlərdən nə "Şəfa"nın, nə "Baku Sportinq"in, nə də "Mingəçevir"in infrastrukturu yüksək liqaya yararlı deyil.
Hə, kimsə deyə bilər ki, ötən mövsüm "İmişli" və "Karvan-Yevlax"da da bənzər vəziyyət idi.
Hamı gördü ki, iki klubun infrastruktur problemi liqanı necə iflic vəziyyətinə saldı.
Düzdü, "Karvan-Yevlax" qısa müddətdə evinə qayıtdı.
Əvəzində "Kəpəz"də problem mövsüm ərzində davam etdi.
"Turan Tovuz" 3 müxtəlif arenada ev oyunu keçirdi.
Rəqiblərini Sumqayıt, Bakıda, Masazırda qəbul edən "Araz Naxçıvan" bircə Naxçıvana getmədi.
Ümumiyyətlə, "İmişli" və "Karvan-Yevlax" elitaya vəsiqə qazananda tək problem "Araz-Naxçıvan" idi.
Amma bu gün o sırada "İmişli" də var.
"Turan Tovuz" və "Kəpəz"də problem müvəqqəti xarakter daşıyırdısa, "İmişli" və "Araz-Naxçıvan"da heç yaxın gələcəkdə həll olunacağı da real deyil.
Bunun üzərinə deyək ki, iki problemli klub da gəlsə, yenə narazılıq pik həddə qalxacaq.
Mən də o fikirdəyəm ki, oturub gözləsək aşağı liqada hansısa klub elita səviyyəsinə qalxmayacaq. Premyer Liqa klublarımızı böyüdə, artan tələblər inkişaf etdirə bilər.
Lakin əndazəni aşmaq olmaz. İki klub üçün hardasa güz yummaq, düzəlməsi üçün güzəşt etmək olar. Amma belələrinin sayını 4-ə qaldırmaq çox risklidir.
Aşağı liqaya yollanan "Karvan-Yevlax"ın liqada qalması təklif oluna bilər. Aran təmsilçisinin elita tələbələrini qarşılayan infrastrukturu var. Lakin heç bir halda idman prinsiplərini pozmaq olmaz. Hətta sonuncu pillədə "Qarabağ" və "Neftçi" olsa belə.
AFFA üçün reqlament qırmızı xətt olaraq qalmalıdır.
Son illər ölkə futbolunda verilən ən doğru qərara hamı hörmətlə yanaşsa, bundan futbolumuz yalnız fayda görər.
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

