Misli Premyer Liqasının 2025/26 mövsümünün qalibi vaxtından əvvəl bəlli oldu. Azərbaycan çempionunun adına sona 4 tur qalmış aydınlıq gəldi.
XXI turdan təxirə salınan “Neftçi” - “Qarabağ” matçında 1:2 hesabı ilə uduzan Ağdam təmsilçisi “Sabah”ın qızıl medal qazanmasıyla barışdı.
Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda bununla da tarixində ilk dəfə Azərbaycan çempionu adını qazandı.
“Sabah” 1992-ci ildən keçirilən turnirin tarixinə 9-cu çempion kimi düşdü.
Bu hadisə Masazır klubunun rəhbərliyi tərəfindən qiymətləndirilib.
Titulun qarşılığında komanda üzvlərinə nə qədər mükafat verildiyi bizə bəllidir - 50 min. Bu məbləğ manatla ödənilməyib. Söhbət dollarla hesablaşmadan gedir.
Cari mövsümə qədər 8 komanda bu titula sahib çıxıb. “Qarabağ” 12, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı”, “İnter” (indiki “Şamaxı”) hərəyə 2, “Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə ölkənin ən güclüsü olub.
“Sabah” son 18 mövsümdə bu siyahıya düşən ilk komandadır. Premyer Liqanın PFL bayrağı altında keçirildiyi illərdə heç bir klub ilk çempionluğunu bayram etməmişdi.
“Sabah”a qədər sonuncu yeni çempion 2007/08 mövsümündə ilk titulunu əldə edən “İnter” olub.
SPORTİNFO.AZ

