Rəşad Sadıqov: “Ən çox şikayət edən mən idim”

19:20 Zirə 121
Rəşad Sadıqov: “Ən çox şikayət edən mən idim”

"Zirə" Bizon Azərbaycan Kubokunun final oyununda "Sabah"la qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan öncə keçirilən mətbuat konfransında sualları cavablandırıb:

- Sabah bizi olduqca önəmli matç gözləyir. Düşünürəm ki, oyuna yaxşı hazırlaşa bilmişik. Könül istərdi ki, hazırlaşmaq üçün daha çox vaxtımız olsun. Sabah 40 gün tamam olacaq ki, 9-cu oyuna çıxacağıq. Hər biri də bizim üçün ağır keçib. Yorğunluq, gərginlik var. Mövsümün ən yaxşı oyunlarından birini keçirmək istəyirik. Qarşımızda ciddi rəqib var. Baxımlı futbol oynayan, yaxşı futbolçu və məşqçi heyəti olan komanda ilə qarşılaşacağıq. Ən yaxşısını etməyə çalışacağıq ki, qalib olaq.

- İki komandanı müqayisə etsəz, ən çox üstünlüyü hansı tərəfdə görərdiz?

- Kimin hansı üstün və çatışmayan cəhətləri varsa, bunu mövsüm göstərib. Sabahkı matçda mövsümboyu üstünlüklər və çatışmazlıqlar üzərindən yox, nə edək ki, qalib gələk deyə düşünürük. Hədəfimiz, oyun planımız var. Çalışacağıq ki, intizamlı şəkildə bunu edək və qalib biz olaq.

- Rəqib baş məşqçinin 7 kubok titulu var, siz də Azərbaycan Kubokunda 2 final görmüsüz. Bu, sizin üçün xüsusi üstünlük kimi görünə bilər?

- Əvvəlki illərdə də çempionatın favoriti ilə qarşılaşmışıq, indi də. Qismətdən hər üç dəfə çempionla qarşılaşırıq. Bu, rəqibdə psixoloji üstünlük yaradır. Onlar özlərini daha əmin hiss edəcəklər. Valdas Dambrauskas təcrübəli məşqçidir. Bizim üzərimizdə təzyiq daha çox olacaq. İtirəcək çox şeyimiz var. Rəqib isə çempiondur. Daha rahat olan tərəf olacaqlar. İtirəcək çox şeyimizin olmasını üstünlüyə çevirərək, daha döyüşkən oynamağa çalışacağıq. Çempionatdan avrokuboklara getmək çətin görünür. Bəlkə də sabahkı oyun bizim üçün son şansdır.

- İki dəfə "Qarabağ"la finalda oynamısız. Hər ikisində də çox yaxşı oyun göstərmisiz. "Sabah"la son matçda 2:2 hesablı heç-heçə etdiz. Həmin qarşılaşmada pis oynamamışdınız. Sabah Rəşad Sadıqov "Sabah"ı necə təhlil edib? Daha fərqli oynayacaqsız?

- Oyunöncəsi mətbaut konfransında bəzi sualları açıq cavablandırmaq olmur. Çox da sürpriz gedişat olmayacaq. Başa düşürük ki, rəqib bu mövsüm oynadığı kimi oynayacaq, üstünyülə yiyələnməyə, qol vurub daha rahat oynamağa çalışacaq. Rəqibin hücum potensialını və səviyyəsini başa düşürük. Sabah bizim də müəyyən planımzı var. Çalışacağıq ki, bunu intizamlı şəkildə həyata keçirək. Sabah baxımlı oyun oynamaq istəyirik. Azarkeşlər bu finalı gözləyirlər. İstəyərdik ki, gözəl qarşılaşma olsun. Oyun necə keçəcək, onu sabah görəcəyik.

" "İmişli"yə qarşı Qubada keçirdiyiniz oyunda çox güc sərf etdiz. Bunun finala təsiri olacaq?

- Çox məyusedicidir. Təsəvvür edin, kubokla bağlı maraqlı hadisələr başımıza gəlir. Ən çox şikayət edən mən idim ki, kubokda oyun az olur. Neçə ildir 1/8 finaldan başlayırıq. 1/8 finalda "Neftçi" ilə qarşılaşdıq. Bu mövsüm final erkən oldu, sıx qrafikə düşdük. Finala istədiyimiz kimi hazırlaşa bilmirik. Son matçı Qubada oynadıq. Mayda palçıqda oynamaq, meydança su... Əlavə yorğunluq olur. Dəyişikliklərdən gördüz ki, oyuna çox güc qoya bilmədik. Meydançanın durumunu görürdüm, düşünürdüm ki, burada 90 dəqiqə oynayan hər an zədələnə bilər.

- Valdas Dambrauskasın rəhbərlik etdiyi "Omoniya"ya 6:0 uduzmuşdunuz. Bu mövsüm də ona iki dəfə məğlub olduz. Bu, sizdə qisas hissi yaradır?

- Bəli, cənab Dambrauskasla qarşılaşmışıq. Məndə xüsusi aqresiya yoxdur, ona hörmətim var. Sevinirəm ki, çempionatımızda belə məşqçi var. Ümid edirəm ki, bir gün eyni şərtlərlə qarşılaşarıq. Onun və mənim edəcəyim həmlələr daha maraqlı olacaq.

- Sizdə və komandada əhval-ruhiyyə necədir?

- Əhvalım yüksəkdir. "Zirə" ilə üçüncü finalımızı oynayacağıq. Bayram əhval-ruhiyyəsindəyik. Futbolçularıma təşəkkür edirəm. Burada altıncı ilimdir. Beş ildə 2-ci, 3-cü olmuşuq. Altı dəfə medallar uğrunda mübarizə aparmışıq. Futbolçularımla hər zaman qürur duymuşam. Bu mövsüm yay seleksiya dönəmində kimin iddialı, kimin titullar uğrunda mübarizə aparacağını öncədən görmək olurdu. Komandam sona qədər yarışın içində idi. "İmişli" ilə oyunda bəlkə də yarışdan qopduq. Çox güc qoya bilərdik. Amma başa düşürdük ki, bizi final gözləyir. Daha çox sabhakı oyuna güc verdik. Sabahkı nəticədən asılı olmayaraq, 6 ildəki əzmkarlıq, xüsusilə son 2 ildəki nəticələrə görə futbolçularıma təşəkkür edirəm.

- Penaltilər seriyasına hazırlaşmısız?

- Hazırlaşmışıq. Ola bilsin ki, Damrabuskasın yerində olsaydım, mən də penaltilər seriyasına hazırlaşmazdım. İlk hədəfim o olardı ki, 90 dəqiqədə lazım olan nəticəni qazanaq. Biz də istəyərdik ki, matç 90 dəqiqədə bitsin. Amma hər şey realdır.

- Komandada futbolçularla bağlı vəziyyət necədir?

- Hacıağa Hacılı son matçda 90 dəqiqə oynamışdı. Bu gün adi epizodda zədələndi. Bilirəm ki, bu, "İmişli" ilə matçdakı zədə ilə bağlıdır. Aprel və mayın yorğunluğu üzərimizdə var. Çox stressli oyunlar keçirdik. Rəqibimiz daha yüksək əhval-ruhiyyədədir. Hazırlaşmağa daha çox vaxtları olub. Sabah hər şeyə sıfırdan başlayacağıq. Görünən odur ki, Hacıağa matçı buraxacaq. Oyunlarda az iştirak edə bilər. Amma "Neftçi", "Sabah", "Qarabağ" kimi rəqiblərlə görüşlərdə ona ehtiyacımız olub.

- Enrike Kustodionun olmaması komandaya nə dərəcədə təsir edəcək?

- Mənkim üçün çox ciddi problem yaratdı. Məcbur olub artıq İssanı ardıcıl oyunlarda oynatdıq. "İmişli" ilə matçda iştirak etmədi. Enrikenin olmaması böyük itkidir. Ona sağlamlıq arzu edirəm. Komandaya çox yaxşı uyğunlaşmışdı. Bu, futbolun bir hissəsidir.

- Bəzi klublar var ki, finalda "Sabah"a azarkeşlik edəcək. "Sabah" qalib gəlsə, "Neftçi" avrokubok şansını artıracaq, "Qarabağ" Avropa Liqasına gedəcək, “Turan Tovuz” isə Konfrans Liqasında 2-ci təsnifat mərhələsindən başlayacaq. Bu məqam sizə əlavə motivasiya verəcək?

- Bu barədə futbolçularla danışmışıq. Elə vəziyyət yaranıb ki, finalda məğlubiyyətimiz dörd kluba sərf edir. Futboldur. Anlayışla qarşılayıram. Yəqin ki, onların yerində olsaydım, “Sabah”ın qalib gəlməsini istəyərdim. Hansısa neqativ və ya üstünlük yaratmır. Öz oyunumuza, hədəflərimizə köklənmişik. Başa düşürük ki, bu oyun klubun tarixində necə önəmlidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti