Azərbaycana səs alan əcnəbi mütəxəssislər - SİYAHI

Azərbaycana səs alan əcnəbi mütəxəssislər - SİYAHI

Azərbaycan Premyer Liqasında daha bir mövsüm sona yaxınlaşır.

Sezon liqaya öz damğasını vuran əcnəbi məşqçilərlə yadda qaldı.

Valdas Dambrauskas ilk mövsümündəcə "Sabah"ı çempion etməklə adından söz etdirdi.

"Tələblər" onun rəhbərliyi altında təkcə yaxşı nəticə qazanmadı, həm də parlaq futbolla xoş sözləri haqq etdi.

Yuri Vernidubun gəlişindən sonra "Neftçi" yüksəlişə keçdi. Qələbələri sıraladı, çətin görünsə də üst sıralara qalxmağı bacardı.

Ukraynalı mütəxəssis uzun aradan sonra dominant çıxış edən "Neftçi"ni geri qaytara bilib.

Onun rəhbərliyi altındakı "Neftçi"dən bu gün yalnız azarkeşlər deyil, futbol ictimaiyyəti bütövlükdə ağız dolusu danışır.

Hə, bir də "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya var.

Düzdü, bölgə klubunun hədəfləri liqada qalmaq idi. Amma portuqaliyalı ölkəmizə gələndə ona qarşı münasibət birmənalı deyildi. Əcnəbi çalışdırıcı bütün çətinliklərə rəğmən, proqnozların əksinə olaraq bərk kollektiv formalaşdıra bildi.

"Neftçi", "Sabah" kimi iddialıların belə başağrısına çevrildi.

Nəinki liqada qalmaq hədəfi erkən yerinə yetirildi, hətta "Qəbələ" və "Kəpəz"i də turnir cədvəlində qabaqlamaq mümkün oldu.

Adətən yeni ölkəyə gələnlər üçün ilk mövsüm tanışlıq xarakteri daşıyır.

Amma üçlüyün özünü göstərməsi, bacarıqlarını ortaya qoymasına bu da mene olmadı.

Hamı kimi, mən də adıçəkilən əcnəbi mütəxəssislər barədə xoş sözlər deyirəm, haqlarıdır.

Həm də düşünürəm ki, daha real qiyməti növbəti mövsümün gedişində vermək doğru olar.

Futbolda sabitlik ən vacib amildir.

Bu gün qazanılan uğurlara görə təşəkkür düşür. Bəs sabah davamı olacaqmı?

Artıq digər Premyer Liqa komandalarının Yuri Vernidubu, Valdas Dambrauskası və Jorj Kaşkilyanı yaxından tanımaq fürsəti oldu.

Növbəti mövsüm rəqiblər "Sabah"a, "Neftçi"yə, "İmişli"yə qarşı daha hazırlıqlı ola biləcəklər.

Təcrübəli əcnəbilərin onda da bizi təcübbləndirə bilsələr, deməli onlara zaval yoxdur.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti