İstədiyi pulu verin, getməsin!

10:40 Kəpəz 265
İstədiyi pulu verin, getməsin!

«Kəpəz» yenə kəfəni yırtdı. Növbəti mövsümə də Premyer Liqada «salam-əleyk» edəcəklər.

Bu, artıq dördüncü belə sezondur.

Gələn «futbol ili»ndə isə «qaçqınlıq həyatı» başa çatacaq.

Evə - Gəncəyə dönəcək komanda. 2024-cü payızında sökülən, bir neçə ay öncə açılışı olan stadion avqustda öz qapılarını «Kəpəz»in üzünə açacaq.

Bu, yeni çağırış, yeni tələb, yeni iddia deməkdir. «Kəpəz» bu öhdəlikləri yerinə yetirməyə hazırdırmı? Sualın cavabını hələ bilmirik. Deyəsən, klubun rəhbərliyi də bilmir.

Burada qeyri-müəyyənlikdir hazırda. «Kəpəz» qarşıdakı mövsümə təzə sponsorla başlayacaq, ya başlamayacaq - naməlumdur. Azər Bağırov postunda qalacaq, ya qalmayacaq - bu da naməlumdur.

Üfiqdə ağ işıq görünmür, təəssüf ki. Rəhbərliklə baş məşqçi arasında fikir ayrılığı mövcuddur

: Bağırov son açıqlamalarında buna üstüörtülü şəkildə eyham vurur. Yuxarıda əyləşənlər isə onun söylədiklərinə heç bir reaksiya vermir.

Kimisə, nəyisə gözləyirlər? Yəqin ki, bəli.

Bağırov özünü təlabatlı məşqçi kimi təqdim edib. Səhv deməyib. «Kəpəz» onu saxlaya bilərsə, uduzmaz, yeni sezona bir addım öndə başlayar.

Hər halda Gəncəni, gəncəli azarkeşi yaxşı tanıyır, şəhərin, şəhərlinin «damar»ını tutub, münasibət qura bilib.

Maaşını bir qədər artırsalar, çıxıb getməz. İki ildir «Kəpəz»i Premyer Liqada saxlayan məşqçidir, üç-beş manat əlavə pul istəməsini şişirtməyə dəyməz.

Doğal haqqıdır.

Cəfa ilə səfa arasında məsafə nəticəylə ölçülür, o da arzulanan nəticəni verib.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti