İspaniya millisinin və “Real”ın sabiq müdafiəçisi, hazırda Meksikanın “Monterrey” klubunu təmsil edən Serxio Ramos “Sevilya”nın alınması istiqamətində daha bir vacib addım atıb.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Ramosun təmsil etdiyi “Five Eleven Capital” investisiya qrupu klubun əsas səhmdarları ilə uzunmüddətli danışıqlar aparıb.
Bildirilir ki, görüş klubun maliyyə yoxlaması proseduru başa çatdıqdan sonra keçirilib.
Hazırda proses rəsmi satınalma təkliflərinin müzakirəsi mərhələsinə keçib. Ramos özü də daha əvvəl verdiyi açıqlamalarda danışıqların uğurlu şəkildə irəlilədiyinə eyham vurmuşdu.
40 yaşlı müdafiəçi “Sevilya” akademiyasının yetirməsidir və peşəkar futbolçu karyerasına məhz burada başlayıb.
Klub üç il əvvəl UEFA Avropa Liqasını qazanmışdısa, bu mövsüm əsasən La Liqada yerini qorumaq uğrunda mübarizə aparıb. “Sevilya” hazırda həm idman, həm də maliyyə baxımından çətin dövr yaşayır.

