“Çempionluğu əldən vermək xoş gəlmir, bunu qəbul etmək asan deyil”

20:40 Qarabağ 98
“Çempionluğu əldən vermək xoş gəlmir, bunu qəbul etmək asan deyil”

“Qarabağ”ın kabo-verdeli Leandro Andrade Sportinfo.az-a müsahibə verib.

27 yaşlı yarımmüdafiəçi “Qəbələ” ilə 1:1 başa çatan matçdan sonra həm bu oyun, həm də digər məqamlarla bağlı sualları cavablandırıb.

- Hesabı açan, penalti vurmaq imkanı qazanan, hətta vurduğu daha bir qolu ləğv olunan “Qarabağ” meydanı 1 xalla tərk etdi.

- Təbii ki, nəticə bizi məmnun etmir. Oyuna götürsək, pis çıxış etmədik. Üstünlük qazandıq, matça nəzarət etdik, saysız qol vəziyyətləri yaratdıq. Sadəcə, ikinci hissəyə istədiyimiz kimi başlaya bilməməyimiz gedişata təsir etdi. 1:0-dan sonra əlimə düşən şansı qola çevirə bilsəydim, məsələ böyük ölçüdə həll olunacaqdı. “Qəbələ” kimi təhlükəli rəqiblərə qarşı hədəfi itirirsənsə, cəzalanacaqsan. Təcrübəli baş məşqçiyə sahib əzmkar komandaları var.

- “Qarabağ”ın mövsümü titulsuz başa vuracağı dəqiqələşəndən sonra kollektivdəki ab-hava əvvəlkitək deyil sanki. Ruh düşkünlüyünü hiss edirsən?

- Ardıcıl çempionluqlardan sonra titulu əldən vermək xoş gəlmir. Bunu qəbul etmək asan deyil. Yaşananları unutmaq və bərpa olunmaq üçün müəyyən zamana ehtiyac var. Ancaq inanmıram ki, “Qəbələ” ilə heç-heçə buna görə oldu. Motivasiyasız olsaydıq, “Turan Tovuz” kimi əsas rəqibimizi məğlub edə bilməzdik. Fikrimcə, bu, motivasiya yox, ayrı-ayrı epizodlarda yol verdiyimiz səhvlərlə bağlıdır.

- Avropa Liqası və Konfrans Liqası. Sənin üçün bu turnirlərin fərqi var?

- Əlbəttə, var. Niyə bütün komandalar Çempionlar Liqasında oynamaq istəyir? Çünki bir nömrədir. İkinci dərəcəli yarış isə Avropa Liqasıdır. Çempionlar Liqası alınmadısa, Avropa Liqasında mübarizə aparmaq yaxşıdır.

- Bu, o deməkdir ki, mayın 13-dəki finalda “Sabah”a azarkeşıik edəcəksiz. Çünki kuboku “Zirə” qazansa, “Qarabağ” Konfrans Liqasına qoşulacaq.

- Mən hər iki komandanı bəyənirəm. Birini digərindən ayırmaq fikrim yoxdur. Hər ikisinə uğurlar arzulayıram. Təbii ki, “Sabah”ın qalib gəlməsi avrokubok baxımından bizə xeyirdir. Ancaq bu, o demək deyil ki, oturub “Sabah”a azarkeşlik edəcəyik. Haqq edən qələbə qazansın.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti