Ayxan Abbasov uzaqgörən və insaflı insandır.
İyunda «Şamaxı»dan ayrılacağı dəqiqdir, o, yenə də işinə can yandırır, yola vermir.
Bir çox məşqçilər belə vəziyyətdə nə edir? Komandanın çempionatda qaldığını biləndən sonra günü günə calayır, vaxt ötürür.
Ayxan Abbasov əksər həmkarlarına bənzəmədiyi üçün Allah da işinə bərəkət verir. Əlbəttə, Yaradan hər şeyi görür və qiymətləndirir.
Niyyətə və əməllərə görə.
«Şamaxı» Premyer Liqada yerini hələ martda təmin edib.
Abbasov gündəlik məşqə çıxmasa, Bakıdan Şamaxıya həftədə bir-iki dəfə gəlib-getsə belə, ona yuxarıdan deməzlər ki, niyə belə edirsən? Soruşmazlar ki, haradasan?
O, bu hörməti qazanıb. Fəqət, adam məsuliyyətlidir, adını, gələcəyini düşünür.
«Şamaxı» - «Kəpəz» oyununa bir qədər də indiki baş məşqçi ilə gələcək baş məşqçinin dueli gözüylə yanaşmaq lazımdır.
Ayxan Abbasov ondan sonra komandanı təhvil alması gözlənilən həmkarı üzərində qələbəni daha çox istədi və bununla rəhbərliyinə isti bir mesaj ötürdü - məni məndən sonra hələ çox axtaracaqsız…
KAMİL

