“Hər klubun “doşab” deyib aldığı, bal çıxmır”.
Bu fikirlər Sportinfo.az saytının və “Sportinfo TV“nin baş redaktoru İlkin Fikrətoğluna məxsusdur.
O, Azərbaycan klublarının uğursuz legioner transferləri ilə əlaqəli fikrini bölüşüb:
“Bir neçə gün əvvəl “Turan Tovuz”un milliləşdirilmiş oyunçusu Filip Ozobiçin adı bizim futbolun tarixinə düşdü.
Azərbaycan pasportunu da daşıyan xorvatiyalı yarımmüdafiəçi 1992-ci ildən keçirən müstəqil çempionatımızda ən çox qol vuran legioner və ya çempionatda legioner kimi debüt edib, sonradan vətəndaşlıq alan oyunçular arasında ən yaxşı bombardir adını aldı.
Ozobiçin “Sumqayıt”ın qapısına vurduğu qol onun 10 illik Azərbaycan karyerasında 72-ci qol oldu.
Buna qədər isə rekord 1997-2003-cü illərdə 20 qolu “Kəpəz”in, 51 qolu “Şəmkir”in heyətində vurmuş unudulmaz gürcü hücumçu - indi PSJ-də qollarını sıralayan Xviçanın atası Badri Kvratasxeliyaya məxsus idi.
Ozobiç və Badri çempionatımızın tarixinə müsbət tərəfdən düşmüş, leginoerlərdir, üstəlik, hər ikisi sonradan Azərbaycan vətəndaşlığını alaraq, milli komandamızda oynayıb.
Amma belə yaxşı nümunələri çox az tapa bilərik.
Əksər legionerlər bura pul ardınca gəlir, onu da doğru-dürüst, halalıqla qazanmayıb, qarşılığını verə bilməyib, 1-2, bəzən 3 ilə, bəzən isə bir necə aya gedirlər.
Hər mövsümdə klublarımızın heyətndə uğursuz transferlər, faydasız legionerlər görürük”.

