Malta yığmasının futbolçusu İrvin Kardona Azərbaycan millisinə qarşı keçiriləcək yoldaşlıq oyununu buraxa bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə Malta mətbuatı məlumat yayıb.
Bildirilir ki, 28 yaşlı vinger klubu “Sent-Etyen”in heyətindəki son görüşdə zədələnib. Fransa Liqa 2-nin 34-cü turunda “Amyen” üzərində 5:0 hesablı qələbə qazanılan qarşılaşmanın 63-cü dəqiqəsində zədə alan Kardona əvəzlənib.
Sağ cinah oyunçusunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək. Onun yığmanın iyunda keçirəcəyi görüşləri buraxmaq təhlükəsi var.
Azərbaycan və Malta arasında oyun iyunun 5-də Macarıstandakı “Haladaş” stadionunda keçiriləcək.

