Anatoli Abanq, Şəhriyar Əliyev kimi əsas heyət futbolçuları olmayanda "Keşlə" uğurlu seriya yaxalamışdı.
Ardıcıl üç matçda 7 xal qazanan kollektiv vəziyyətini bir xeyli yaxşılaşdırmağı bacarmışdı.
Bunda komandanın daha çox müdafiədən oynamaq taktikasını seçməsi də az rol oynamırdı.
Ciddi itkilər səbəbindən Qurbanov birnöv məcburiyyətdən daha çox qapanıb, nəticəni düşünən futbol oynamağa üstünlük verirdi.
Nəticələrə də əla idi. Hər halda ardıcıl 4 məğlubiyyətdən sonra 3 matça 7 xal qazanmağın başqa cür adı da ola bilməz.
İki tur əvvəl adıçəkilən futbolçular cəzalarını bitirərək kollektivə qoşuldular. "Keşlə"nin daha da inamlı, sanballı çıxış edəcəyini gözləyirdik. Amma tam tərsini gördük.
Öncə "Qəbələ", ardınca "Zirə"yə məğlubiyyətlər gəldi. Açığı sistem olaraq komanda eynidi, amma görünür, Qurbanov Abanq və Şəhriyarın gəlişindən sonra hücum yükünü yenə artırıb.
Məsələn, öndə pressinq, hücumda daha çox vaxt keçirmək kimi. Bu, gənc mütəxəssisin ən çox sevdiyi oyun modelidir.
Bu isə hazırkı "Keşlə"li futbolçuların bacarığı xaricindədir. Ya əlindəki materiala uyğun oynayaraq nəticə qazanacaqsan, ya da düşündüyün futbolu israrla oynadıb, açıq futbolla məğlub olacaqsan.
Sənan müəllim qəbul etməlidir ki, yadda qalanı hər zaman nəticədir. Heyətin gözəl futbolla nəticə qazanmağa imkan vermirsə, qapalı futbola keçid qaçılmazdır. Görünür, Qurbanov israrla birincinin arxasınca düşüb. O yol isə heç işıqlı görsənmir.
SPORTİNFO.AZ

