Kamran Ağayev: “Mənə yiyə duran olmadı, acığa getdim”

22 Sentyabr 2020 18:48 Səbail 1 265
Kamran Ağayev: “Mənə yiyə duran olmadı, acığa getdim”

“İl yarım futboldan uzaq qaldım. Amma idmançı üçün bir gün də qızıla bərabərdir.

Yaş artdıqca enerji də əvvəlki kimi olmur. Əsas odur ki, həvəsdən düşməyəsən, yenidən forma yığmağa çalışasan”.

Sportinfo.az xəbər verir ki, bunu “Səbail”in qapıçısı Kamran Ağayev deyib.

APA TV-nin “Günün yarısı” verilişinin qonağı olan 34 yaşlı qolkiper çılğın olmasına aydınlıq gətirib: “İdman elə bir sahədir ki, xalq sənin yalnız 90 dəqiqəlik mübarizəni görür. İlboyu çəkilən əziyyət görünmür.

İdmanda ağır yükün altında olursan. Belədə əsəbilik, gərginlik yaranır. Qapıçının işi ancaq müdafiə olunmaqdır.

Təsəvvür edin ki, boksda rəqib səni vurur, ancaq müdafiə olunursan, vura bilməzsən. Meydanda da önündəki 10 oyunçuya qışqırırsan, daim gərginlikdə olursan. İdmançının səhv bir hərəkəti elə şişirdilir ki, adam xəcalət çəkir”.

2016-cı ildə Portuqaliyanın “Boavişta” klubuna keçən Ağayev həmin dönəmi belə xatırlayıb: “Türkiyədən Bakıya zədəli gəlmişdim. “İnter”də olarkən də zədələndim, kənarda qaldım, yiyə duran olmadı.

Fərdi məşqlərlə kifayətlənirdim. Acığa Portuqaliyaya getdim ki, bəzilərinə gücümü sübut edim. Orada da bir oyunda dava-dalaşda iştirak etdim, buna görə çox tənqid olundum.

Bilirsiniz, dünyanın harasında oluram-olum, özümə qadağan etdiyim amillər var. Bundan sonra “Real”da da olsam, həmin davadakı hərəkəti təkrarlayaram. Müqavilə bağlayanda söz verməmişəm ki, belə olacağam. Bir insanın üzünə söyürlər və reaksiya vermirsə, onun ruhunda problem var”.

Yığmamızın sabiq qapıçısı hər həftə futbol oynadıqlarını və bu üzdən daim diqqət mərkəzində olduqlarını vurğulayıb: “İnsan nəticə verdikcə hərəkətlərinə fikir verməlidir.

Azərbaycan xalqı olmasa, biz idmançılar heç kimə lazım deyilik. Onlar bizə baxıb fərqləndirirlər. Mənimlə futbola başlayan o qədər istedadlı uşaqlar olub ki, sonradan yoxa çıxıblar.

Dünya ulduzu Messi anadan qüsurlu doğulub, idmana yararsız olub. Amma sonradan ən yaxşı futbolçu olub. İdman qol gücü ilə deyil, ağılla idarə olunur”.

Digər Xəbərlər
Xəbər Lenti