“Bu cür nəticəni nəinki mən, komandada heç kim gözləmirdi.
Çünki məqsədimiz qalib gəlmək, ən azı 1 xal qazanmaq idi”.
“Səbail”in müdafiəçisi Dmitri Litvin “Neftçi”yə məğlubiyyət haqda Sportinfo.az-a açıqlama verib.
“Neftçi Arena”da baş tutan görüşdə birmənalı üstün görünən “ağ-qaralar” “dənizçilər”ə şans yeri qoymayaraq haqlı qələbəyə sevindi – 3:1.
Yenilgidə əsas səbəblərdən biri Mert Çeliklə Qorka Laruççanın cəzalı olması, Süleyman Alluşla Fərid Nəbiyevin zədədən tam qurtulmaması və Gitay Sofirin ilk hissədə meydanı tərk etməsi idi.
Ukraynalı müdafiəçi əsas səbəbi itkilərdə yox, başqa yerdə görür:
“Məğlubiyyətin günahkarlarını başqa yerdə axtarmağa gərək yoxdur. Biz səhvlərə yol verdik, rəqib futbolçular da bundan maksimum istifadə etdi.
Yenilgidə bəzi futbolçuların yoxluğunun əsas rol oynadığını düşünmürəm. Bəlkə də belədir, bəlkə də yox.
Variantlar axtarmaq həvəsində deyiləm. Onu bilirəm ki, hər bir futbolçu “Səbail” üçün vacibdir”.
“Neftçi” bu qələbə sayəsində xalların sayını 8-ə yüksəldərək 7-ci pilləni “Səbail”in əlindən alıb. “Dənizçilər” 7 xalla “Sumqayıt”la birlikdə 8-9-cu pillələri bölüşür.
HƏBİB