Kiçik hədəfdə gizlənən böyük uğur havası - Paytaxt klubunda

13 Yanvar 2023 16:40 Səbail 553
Kiçik hədəfdə gizlənən böyük uğur havası - Paytaxt klubunda

Şahin Diniyevin "Səbail"ə təyinatından azalır bir ay keçsin.

Arxada qalan müddətdə təcrübəli mütəxəssisin mətbuata verdiyi açıqlama və müsahibələrində işlətdiyi bir cümlə diqqətimi xüsusi çəkir.

Bu, onun mövsümün ikinci yarısı ilə bağlı hədəflər haqqında danışarkən işlətdiyi bir cümlədir - "Məndən tələb olunan sonuncu pillədən qurtulmaqdır".

Bilmirəm və maraqlı da deyil ki, belə bir tələbi rəhbərlik onun qarşısında qoyub, yoxsa özü bu hədəflə yola çıxıb.

Ancaq hər iki halda da düşüncə yanlışdır. Mövsümün birinci yarısını izləməyən, turnir cədvəlindən xəbəri olmayan biri yeni məşqçinin bu fikrindən o qənaətə gələr ki, "Səbail" quyunun lap dibindədir.

Əsla və əsla bu belə deyil.

Əvvəla, Mahmud Qurbanovun qoyub getdiyi kollektiv ölkə kubokunda mübarizəni davam etdirir. Yarımfinaldakı rəqib "Qəbələ" 1/4 final mərhələsində mübarizədən kənarlaşdırılan "Sabah"dan güclü deyil.

Əksinə, bir çox komponentlərdə hələ geri qalır. Deməli, final şansların üzərindən xətt çəkmək olmaz.

Bu, həm də kubokdan kənarda qalan "Şamaxı", "Kəpəz", "Sumqayıt" kimi komandalarla müqayisədə üstünlük deməkdir. Yəni, ciddi hədəflər hələ itməyib. "Qarabağ" və "Sabah"ın mübarizədən kənarda qaldığı ölkə kubokunda şanslar böyükdür. Ən azı finalçı olmaq üçün.

Hə, paytaxt klubu ilk iki dövrədən sonra Premyer Liqada yaxşı mövqedə deyil. Komanda turnir cədvəlində sonuncu pillədə yer alır.

Ancaq burda da qorxulu, çıxılmaz durum olduğunu iddia etmək olmaz. Çünki "Səbail"i ilk altılıqdan cəmi 7 xal ayırır. Qazanılacaq 1 qələbə ilə isə Bayıl təmsilçisi 7-ci pilləyə kimi yüksələ bilər.

Deməli, sonuncu pillədən qurtulmaq bu gün hədəf kimi göstərilib, sabah da ciddi uğur olaraq təqdim oluna bilməz! Bugünkü şərtlər, imkanlar, şanslar buna imkan vermir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti