Şahin Diniyevin istəyinə bölgə klubu hansı şərtlə "HƏ" deyib?

10 Yanvar 2023 23:40 Səbail 977
Şahin Diniyevin istəyinə bölgə klubu hansı şərtlə "HƏ" deyib?

"Səbail"də Şahin Diniyevin görəvə gəlməsindən sonra komandanın təcrübəli simalarından olan Adil Nağıyevin də geri dönməsi çox çəkmədi.

Yay təlim-məşq toplanışının son günlərində Bayıl təmsilçisinin sabiq çalışdırıcısı Mahmud Qurbanovun qəzəbinə tuş gələn mərkəz müdafiəçisi davamında "Şamaxı"ya icarəyə verilmişdi.

Qış fasiləsinə kimi yaxşı təsir bağışlayan, komandasının liderlərindən birinə çevrilən sabiq milli üzvünü bölgə klubu asanlıqla əldən buraxması birmənalı qarşılanmamışdı. Axı əsas futbolçularından birini əldə buraxmaqla "Şirlər" özünün zəifləməsi və əsas rəqiblərdən birinin güclənməsinə şərait yaratmış oldu.

Çünki mövsümün ikinci yarısı Premyer Liqada qalmaq uğurunda "Şamaxı"nın əsas rəqiblərindən biri də paytaxt klubu olacaq. Hazırda 7-ci pillədə qərarlaşan komandanı sonuncu yerdə gedən "Səbail"dən cəmi 3 xal ayırır.

Lakin vəziyyət heç də kənardan göründüyü kimi, asan olmayıb. Futbolçunun getmək istəyinə anlayış göstərən, könlü başqa yerdə olan birini məcbur saxlamaqda maraqlı olmayan Şamaxı təmsilçisi öz şərtini də irəli sürüb.

Belə ki, Nağıyevin müqavilə ilə məxsus olduğu komandaya geri dönməsi qarşılığında məşqçilər korpusu Emin Zamanovun onlara verilməsini tələb edib.

İstək qısa müddətdə qəbul olunduğu üçün, Adil Nağıyevin də geri dönüşü çox yubanmayıb.

Mahmud Qurbanov "Neftçi-2"dən yaxşı tanıdığı Emin Zamanovu ötən yay "Səbail"ə cəlb etmişdi. Futbolçu mövsümün birinci yarısı paytaxt klubunda cəmi 4 oyunda meydana çıxmaq imkanı qazanmışdı.

Bölgə klubunda 2024-cü ilə kimi müqavilə imzalanan orta xətt oyunçusuna ümidlər böyükdür.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti