Diniyevin BAŞI DƏRDDƏ – Sevimli braziliyalısı gəlmədi

5 Yanvar 2023 21:20 Səbail 1 109
Diniyevin BAŞI DƏRDDƏ – Sevimli braziliyalısı gəlmədi

“Səbail”in baş məşqçi postunda Mahmud Qurbanovu əvəzləyən Şahin Diniyev komandanın güclənməsi yönündə “baş sındırır”.

İki futbolçu ilə yolların ayrılması fonunda hələ ki, yalnız Adil Nağıyev komandaya qoşulub.

27 yaşlı müdafiəçi “Şamaxı”dan icarədən qayıdıb.

Bununla belə, Diniyev daha 1-2 futbolçunun transferində maraqlıdır. Təcrübəli çalışdırıcı müdafiə və yarımmüdafiə xəttinin güclənməsində maraqlıdır.

İlk hədəf Dario Federiko idi. Vaxtilə “Kəpəz”də Şahin Diniyevin rəhbərliyi altında oynamış, məhz Gəncə təmsilçisindəki inamlı çıxışı ilə sonradan “Neftçi”nin şərəfini qorumuş braziliyalı vingerin karyerasını “Səbail”də davam etdirmək imkanı olub.

Klubla futbolçunun agenti arasında danışıqlar getsə də, sövdələşmə baş tutmayıb. Əslində, Dario Azərbaycana qayıtmağa qarşı çıxmayıb. Yenidən Diniyevin rəhbərliyi altında oynamaq istəyini bildirib.

Lakin futbolçunun müqavilə ilə məxsus olduğu “Sinqida Yunayted” Federikonun çıxışını Azərbaycanda davam etdirməsinə mane olub.

Tanzaniya təmsilçisi keçid üçün “Səbail”dən transfer haqqı tələb edib. Daha doğrusu, iyuldan bu yana verilən maaşın geri qaytarılması təqdirində futbolçuya azad agent statusunun verilməsinin mümkünlüyü diqqətə çatdırılıb.

“Səbail” isə bununla razılaşmayıb. “Sinqida Yunayted”ə ödənilməli olan məbləğ, üstəgəl, Darioya veriləcək maaş bayıllıların cibinə uyğun olmayıb. Nəticədə Diniyevin Federiko sevdası bu dəfə baş tutmayıb.

2018-ci ildə və 2019/2020 mövsümündə "Neftçi"nin formasını geyinən və 40 oyunda 5 qol vuran "sambaçı" buradan ayrılandan sonra Litvaya üz tutub, qısa müddət "Riqa"nın uğurları üçün çalışıb.

Daha sonra Vyetnama yollanıb, "Hoşmin"lə anlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti