"Sizə söz deyim, mən hələ belə rəhbərlik görməmişdim"

30 Dekabr 2022 20:00 Səbail 1 155
"Sizə söz deyim, mən hələ belə rəhbərlik görməmişdim"

Mahmud Qurbanovla yollarını ayıran “Səbail” rəhbərliyi bir sutka keçməmiş onu Şahin Diniyevlə əvəzlədi.

Bu təyinatdan sonra ortaya bir sıra suallar çıxdı.

Diniyevin qarşısına qoyulan hədəf, komandada hansı dəyişikliklərin olacağı, yeni çalışdırıcının köməkçilərinin kimliyi, təyinatın onun üçün nə dərəcədə gözlənilməz olması və sair.

Səbəbkar Sportinfo.az-a verdiyi geniş müsahibədə bizi maraqlandıran sualları cavablandırıb.

- Sürpriz oldu, yoxsa gözləyirdiniz?

- Bir günün içində oldu. Desəm ki, oturub gözləyirdim, yalan olar. Axşam çağırdılar, səhər görüşdük, müzakirə etdik və bir müddətdən sonra qərarımı verdim.

- Maraqlıdır ki, razılıq qərarını da bir anın içində verdiniz.

- Gedirəmsə, bilməliyəm hara gedirəm. Araşdırmalıyam, kim çağırır, hara çağırır. Hər bir insan iş görməyə başlamamışdan əvvəl hazırlıq görür, məlumat toplayır. Bəlkə də məni sadəcə söhbət etməyə çağırmışdılar, təklif üçün yox. Və ya razılığa gələ bilməyəcəkdik.

- Niyə çağırmışdılar? İstəkləri nə oldu sizdən?

- Bu gün bəzi reallıqlar var. Siz də bilirsiniz, mən də, rəhbərlik də. Bu gün “Səbail”in avrokuboklara vəsiqə üçün mübarizəsi aparması real deyil. Komandanı indiki yerindən tərpətmək, növbəti il üçün iddialı kollektiv formalaşdırmaq. Razılaşaq ki, 10-cu pillə “Səbail”in adına yaraşmayan yerdir. Bacardığımız qədər indiki yerdən uzaqlaşmaq əsas məqsədimiz olacaq.

- Gələn mövsümü nişan verirsiniz. “Səbail” ölkə kubokunun yarımfinalına yüksəlib və avrokuboklara vəsiqə şansı qalmaqdadır.

- Əlbəttə, kubokda davam edirik. Finala yüksəlmək üçün bacardığımızı edəcəyik. Mən sizə komanda qurmaq və iddialı olmaqla bağlı planlarla bağlı dedim ki, məqsədimiz gələn il üçün iddialı kollektiv formalaşdırmaqdır.

- Bu komandanı Mahmud Qurbanov qurub. Bundan sonra da siz öz komandanızı quracaqsınız?

- Mən bu yanaşmanın tərəfdarı olmamışam ki, mövsümün ortasında gəlmişəm, bu, mənim komandam deyil. Adama sual verərlər, başqasının komandasıdırsa, sənin orada nə işin var? Cavabdeh olmaq istəmirsənsə, razılıq verməməlisən. Yox, razılıq verirsənsə, keçmişlə bağlı danışmamalısan, hörmət etməlisən. Mahmud Qurbanova insan və məşqçi kimi böyük hörmətim var. “Səbail”də hansısa müsbət işlər görüb, komandanı sıfırdan yaradıb, struktur qurub. Ola bilsin bu dəfə alınmadı onda. Hər məşqçinin alın yazısı var, ondan qaçmaq mümkün deyil. Mourinyo kimi məşqçi hansısa komandaya gedib alındıra bilmir. Ona görə də “mənim qurduğum komanda deyil” yanaşmasına isti yanaşmıram.

- Cari mövsümlə bağlı rəhbərliyin sizdən tələbi nədir?

- 10-cu pillədən qurtulmaq

- Vəssalam?

- Kimsə mənə desəydi ki, sonda 4-cü pillədə yer alıb avrokuboklara vəsiqə qazanmalısan, əlbəttə, bununla razılaşmazdım.

- Kubokla bağlı tələb yoxdur?

- İstək var, tələb yoxdur. Sizə söz deyim, mən hələ belə rəhbərlik görməmişdim. Bu dərəcədə uğursuzluğun fonunda o dərəcədə optimistdirlər. Hətta söhbətimiz zamanı da arzu və istəklərlə bağlı danışırdılar, tələblə yox.

- Mahmud Qurbanovla danışmısınız?

- Açığı, hələ danışmamışam.

- Niyə?

- Təyinatım gerçəkləşən gün evə axşam 11-in yarısı gəldim. Dünən görüşdəydim, imkan olmadı. Bu gün uyğun vaxtdır. Mütləq zəng edib danışacağam. Sadəcə kef-əhval tutub, gələcək karyerasında uğurlar arzulayacağam. Məşqçinin məşqçidən halallıq alması deyimi ilə razılaşmıram. Nə vaxtsa mən də buradan gedəcəyəm. Bu, o demək deyil ki, yerimə gələn məndən halallıq almalıdır. Şəxsi malım deyil ki, kimsə məndən icazə, yaxud halallıq alsın. Bir şeyi də qeyd edim ki, rəhbərliklə söhbətimiz zamanı Mahmud Qurbanov haqda yalnız və yalnız xoş sözlər söylənildi. Özüm də məşqçilik sənətinin çətin olduğunu, uğursuzluqdan heç kimin yan qaça bilmədiyini bildirdim.

- Kömıkçiləriniz kim olacaq?

- Azər Məmmədov, Elmir Xankişiyev, Fuad Əsədov və Kərim Diniyev.

- Məmmədovla Xankişiyevi başa düşdük. Fuad və Kərim kimi gənclərlə Premyer Liqada çalışmaq çətin olmayacaq ki?

- Hər ikisinin bacarığına yaxından bələdəm. Fuad uzun illər millilərdə çalışıb. Bildiyiniz kimi, Məşqçilər Komitəsində üzv olanda daim yığmalarla səfərlərdə olmuşam, toplanış və oyunları yaxından izləmişəm. Fuadın işini görüb yanımda olmasını istəmişəm, ala gözünə, qara qaşına görə yox. İş metodunu görmüşəm, müasir qapıçılıq məktəbinə xas terminlərdən istifadə etdiyinə diqqət yetirmişəm. Açığı, xoşuma gəlirdi. Hazırda U-19 millisində işləyir. “Səbail”ə təyinatım rəsmiləşəndən sonra ona yanımda çalışmağı təklif etdim.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti