Bir klubun bəlası - Yağışdan çıxdı, yağmura düşdülər

29 Dekabr 2022 10:40 Səbail 717
Bir klubun bəlası - Yağışdan çıxdı, yağmura düşdülər

Şahin Diniyev dünən “Səbail”in baş məşqçisi təyin olunub.

Onunla 2023/2024-cü illər mövsümünün sonunadək müqavilə imzalanıb.

Diniyev daha əvvəl “Terek” (Qroznı, Rusiya), “Qarabağ”, “Kəpəz”, “Rəvan” komandalarını və Azərbaycan millisini çalışdırıb. Son olaraq AFFA-nın Məşqçilər Komitəsinin üzvü kimi fəaliyyət göstərib.

Bax, buna deyərəm yağışdan çıxıb, yağmura düşmək. Kökündən yanlış qərar veriblər.

Nə boyda səhv etdiklərini anlayacaqlar. Əlbəttə, bunun üçün zaman lazım olacaq. Vaxt-vədə yetişəndə, xətanın böyüklüyünün fərqinə varacaqlar.

Şahin Diniyev hələ 2021-ci ilin yayında «Səbail»in sükanı arxasına keçməli idi. Onu bura gətirmək cəhdləri hələ o tarixdən başlayıb.

Sadəcə, o arada klubun yiyəsi Rauf Vəliyev yenə Aftandil Hacıyevin üzərində dayandı, əmək kitabçasına daha 1 il yazılmasına şərait yaratdı. Şərati yaxşılaşdırmadan, öncəki illərdəkitək aşağı büdcəylə yola davam etmək şərtiylə.

Mahmud Qurbanov görəvə gələndən sonra da görünür, Diniyevin pərdəarxasındakı dəstəkçiləri boş oturmayıb, təbliğatını aparıb.

Öz aramıhdır, onun məşqçi kimi nə üstünlükləri, nə xidmətləri var ki, «pensiya fondu» sayılan AFFA-nın Məşqçilər Komitəsindən real işə dəvət olunsun?

Diniyev məşqçi kimi yüksək hədəflər üçün deyil. O, zamanında iddialı və ya iddialı ola biləcək yerlərdə çalışıb («Qarabağ» və «Rəvan»). Di gəl, heç birində uğur əldə etməyib, adicə uğurun «u» hərfinə də yaxın düşə bilməyib.

Bmz hələ «Kəpəz»dəki hoqqalardan danışmırıq.

Belə başa düşürük ki, Rauf Vəliyevin – «Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) İdarə Heyətinin 2015-2017-ci illərdə Gəncə komandasında qeydə alınan hadisələrdən xəbəri yoxdur, hörmətli zaia bu barədə nəsə deyilməyib, gizlədilib.

Nə çətin işdir, «google»də axtarış verməklə, həmin illərin «Kəpəz»i ilə bağlı istənilən qədər informasiya tapmaq, kimin nə işlə məşğul olmasını öyrənmək mümkündür.

Açığı, o boyda həngamədən sonra mən düşünmürdüm ki, Şahin Diniyev bir də məşqçilik həyatına qayıdar/qaytarılar.

Bu savhə ilə əbədi vidalaşacağını gözləyirdim. AFFA Məşqçilər Komitəsinə qaytarılanda belə, fikirləşmirdim ki, o, günlərin bir günü hansısa komandada çalışacaq.

«Səbail» bu mənada məni təəccübləndirdi. Diniyev, ola bilsin ki, onların düşdüyü vəziyyəti bir balaca düzəltsin, ancaq onunla uzağa getmək qeyri-mümkündür.

Yastı-yastı, qılıqla danışacaq, amma bilin: o, «pambıqla baş kəsən» futbol adamlarından biridir. Saman altından su yeritməkdə asdır.

Diniyev məhdud sayda menecerlə çalışmağa üstünlük verir, bu «dairə»ni heç vaxt böyütmür.

Onlarla necə çalışacaq, nə işlər görəcək, «Səbail»in hörmətli başbilənləri zamanla müşahidə edəcəklər. Və yəqin ki, bu təyinatdan dolayı peşmanlıq hissi keçirəcəklər.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti