Özü getməyib, göndərilib - Qurbanov niyə işləyə bilmədi?

28 Dekabr 2022 10:40 Səbail 470
Özü getməyib, göndərilib - Qurbanov niyə işləyə bilmədi?

Premyer Liqada cari mövsümün üçüncü baş məşqçi istefası dünən rəsmiyyət qazandı.

Yaşar Vahabzadəni Tərlan Əhmədovla əvəzləyən «Kəpəz» və Aleksey Baqanın yerinə Samir Abasovu gətirən «Sumqayıt»dan sonra «Səbail»dən belə bir xəbər gəldi.

Mayda «dənizçilər»in sükanı arxasına keçən Mahmud Qurbanovun öz istəyi ilə istefa verməsi, Müşahidə Şurasının bununla razılaşması rəsmi açıqlamada qeyd olunub.

Bu, əsl gerçəyi gizlətməkdən başqa nəyəsə xidmət etmir. Klub rəhbərliyi gözdən pərdə asır.

Necə?

Mahmud Qurbanovun iş yerindən ayrılmaq kimi bir niyyət olsaydı, 1 gün əvvəl AFFA və SOCAR-a yaxınlığı ilə bilinən mətbu orqanlara qış planlarıyla ilgili açıqlamalar verməz, yeni transfer çalışmalarından danışmazdı.

«Professor» 7 ay öncə görəvə gəldiyi klubdakı fəaliyyətini dayandırmaq istəsəydi, bunu daha öncə edərdi. Heç olmasa, Premyer Liqanın son - 18-ci turunda «Qarabağ»a 0:3 hesablı məğlubiyyətin ardınca belə bir açıqlama ilə medianın önünə çıxardı.

Halbuki Qurbanov mövsümün gedişində dəfələrlə bildirmişdi ki, o, istefaya göndərilməkdən qorxmur, ona görə də işini başa çatdırmaq əzmindədir və nəyi düz bilirsə, onun arxasınca gedəcək.

«Pro» kateqoriyalı mütəxəssis klub funksionerlərinin göstərişləri ilə oturub-durmurdu.

O, idman direktoru Fərəc Əliyevin, bir digər idarəçinin kadrı deyildi, sifariş qəbul eləmirdi. Öz sözünü yeridir, istəyindən bir addım geri çəkilmir, sözündən dönmürdü.

Təbii ki. bu da onların xoşuna gəlmirdi, qıcıqlanırdılar. Ötən yeddi ayın içində «Səbail»də bu yöndə o qədər hadisə baş verib, saymaqla qurtarmaz.

Sayt olaraq həmişə çalışmışıq ki, oxucularımızı Bayıl yamacanın ətəyində mənzillənən klubun bazasında, komandanın düşərgəsində yaşanan prosesləri vaxtlı-vaxtında məlumatlandıraq.

Deyərdik ki, buna kifayət qədər nail olmuşuq. «Səbail»i daim diqqətdə saxlamışıq və Mahmud Qurbanovun üzləşdiyi problemlər, ona yaradılan süni maneələr barədə ictimaiyyəti bilgiləndirmişik.

Odur ki, köhnə saman içi tökməyi indi məqbul hesab eləmirik. Nə lazımdırsa, hamısını vaxtında yazmışıq.

Fərəc Əliyev və başqaları komandanın daxili aləminə «əl bulamasaydı», Mahmud Qurbanov futbolçularla bunca gərginlik yaşamazdı. Legioner və yerlilərdən bir çoxunu baş məşqçiyə qarşı qızışdırdılar, üstünə qaldırdılar.

Avrokuboklar uğrunda mübarizə aparmağa qadir heyət quran mütəxəssis, təəssüf ki, kollektivi «mehriban düşmənlər»in təsir və təzyiqindən qoruya bilmədi, çatdırmadı.

Əks halda, «dənizçilər» Premyer Liqanın qış fasiləsinə turnir cədvəlinin sonuncu pilləsinə yollanmazdı. Düzdür, ölkə kubokunda yarımfinala yüksəldilər, lakin bu istefa göstərir ki, klub üzərində söz sahibi olanlar fərqli niyyət güdür.

Elə isə kubok «kanalı»yla Konfrans Liqasına yüksəlmək şansı əldə edən komandanı Qurbanovun əlindən niyə alsınlar ki?

Onu, sadəcə, istefaya verməyə məcbur eləyiblər. Özünə qalsaydı, bu vaxt getməzdi.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!