Premyer Liqa klubundan GİZLİ QƏRAR və GƏRGİN SÖHBƏT - İstefanın sirri çözülür...

28 Dekabr 2022 13:00 Səbail 864
Premyer Liqa klubundan GİZLİ QƏRAR və GƏRGİN SÖHBƏT - İstefanın sirri çözülür...

«Səbail» ən qısa zamanda yeni baş məşqçinin adını açıqlayacaq.

Dünən Mahmud Qurbanovun istefasını qəbul edən rəhbərlik bu işi sonraya saxlamaq fikrindən uzaqdır.

Bu gün-sabah təyinat gerçəkləşməlidir.

Adətən, komanda başsız qalanda yeni gələcək sükançının müəyyənləşməsi vaxt alır.

Bu, bir neçə gün də çəkə bilər, bir neçə həftə də. Qurbanovu ötən gün görəvdən alan «Səbail»in başbilənləri məgər belə çevik işləyir ki, vakant posta gətirəcəkləri şəxslə 1 gün içində anlaşsın? Əsla! Orada belə fərasət sahibi yoxdur.

Deməli, işin içində başqa iş var. Qurbanov dünən istefa ərizəsi yazsa da, əslində, onunla yolların ayrılması barədə qərar dekabrın 24-də verilib.

Həmin gün klubun sponsorları ilə idarəçiləri bağlı qapılar arxasında bir araya gəlib. Toplantı gecə saatlarında baş tutub.

Yəni, Premyer Liqanın 18-ci turu çərçivəsində «Qarabağ»la Bayılda keçirilən qarşılaşmadan sonra. 0:3 hesabıyla bitən matçdən bir qədər keçmiş yığışan səlahiyyət yiyələri Mahmud Qurbanovun əleyhinə fikirlər səsləndirib.

İddia olunub ki, baş məşqçi futbolçuları özündən narazı saldığından, komanda çöküşdədir. O da qeyd edilib ki, baş məşqçi postunda qalsa, yaranmış vəziyyət düzəlməyəcək, uğursuz çıxış gələn ildə də davam edəcək.

Qurbanovun bu toplantıdan xəbəri olmayıb. Onu yalnız dünən görüşə - «Xəzər Dəniz Gəmiçiliyi»nin baş ofisinə dəvət eləyiblər. Burada isə müzakirələr gərgin keçib. Söhbətn gedişindən xoşlanmayan çalışdırıcı ayrılıq qərarına gəlib.

Yeni baş məşqçinin kimliyi xeyli öncədən dəqiqləşib. Milan Obradoviç iki həftə qabaq təsadüfən Azərbaycana qayıtmamışdı ki!

Üç il U-21 yığmasının sükanı arxasında dayanmış serbiyalı «Səbail»in «Sabah»la keçirdiyi ölkə kubokunun ¼ final mərhələsinin ilk oyununu (3:2) canlı izləyib.

Millimizdəki işindən aylar öncə ayrılmış balkanlı bura AFFA-dan gələn zənglə dönüb. Obradoviçi «Səbail»ə federasiya mənsublarının məsləhət görməsi şübhə doğurmur.

Digər namizəd Şahin Diniyevdir, onu da AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov dəstəkləyir. Qurumun Məşqçilər Komitəsinin sədri postunu da tutan Sadıqov, ümumiyyətlə, maraqlı təklif irəli sürüb.

O, komitədə yer alan şəxslərin «Səbail»də iş başına gətirilməsini istəyib. Klubun idarəetməsində birbaşa iştirak etmək niyyətini ortaya qoyan Sadıqov Diniyevin namizədliyinin üzərində dayanıb.

2017-ci ilin payızında «Kəpəz»dən qalmaqallı şəkildə istefa verən Diniyevin yaxın qohumlarından birinin «Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) rəhbərliyində təmsil olunmasını da bildirək.

Hansı ki, həmin şəxs ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyevlə çox yaxın münasibətdədir.

Demək istədiyimiz budur ki, «Səbail» AFFA-nın təsiri altındadır. Federasiyadan kimi məsləhət görsələr, onu da Mahmud Qurbanovdan boşalan kürsüyə gətirəcəklər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti