"Qarabağ” onları niyə darmadağın etdi? – KAPİTAN AÇIQLADI

26 Dekabr 2022 16:40 Səbail 947
"Qarabağ” onları niyə darmadağın etdi? – KAPİTAN AÇIQLADI

“Son çempiona qarşı oynayırdıq. Bizi çətin oyun gözlədiyini bilib matça yaxşı hazırlaşmışdıq”.

“Səbail”in futbolçusu Rahid Əmirquliyev Sportinfo.az-a açıqlamasında Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində komandasının “Qarabağ”la baş tutan oyunu haqda fikirlərini dilə gətirib.

Meydan sahibləri oyuna pis başlamamışdı. Pressinq edir, diqqətli müdafiə olunurdu. Lakin bu, 60-cı dəqiqəyə qədər mümkün oldu.

Təzyiqi artıran “köhlən atlar” 61-ci dəqiqədə hesabı açdı və ardınca daha 2 qol vuraraq qış fasiləsinə böyük hesablı qələbə ilə yollandı.

Maraqlıdır, bir saatın tamamına qədər güclü rəqibin təzyiqinə dözən “Səbail”də sonradan nə baş verdi? Ağır yenilgiyə səbəb nə oldu?

Kapitan ilk qoldakı diqqətsizliyin həlledici rol oynadığını düşünür:

“Turnir cədvəlində vəziyyətimiz yaxşı deyil. Sonuncu pillədən qurtulmaq üçün xal və ya xallar qazanıb fasiləyə yüksək əhval-ruhiyyədə yollanmaq istəyirdik.

Oyun “Qarabağ”ın üstünlüyü şəraitində keçsə də, 60 dəqiqə qapımızın toxunulmazlığını qoruya bildik. Həmin anda qol buraxmayıb bir az dözsəydik, sonluq fərqli ola bilərdi.

Çünki rəqib qol vurmaq üçün böyük üstünlüklə irəli atılacaq, bu da bizə əks-hücumlar imkanı verəcəkdi.

61-ci dəqiqədə ani diqqətsizliyimiz qapımızda top görməyimizlə nəticələndi. Buraxılan qoldan sonra yeganə çıxış yolu hücum etmək, bərabərlik topunu vurmaq idi ki, böyük qüvvə ilə irəli atıldıq.

Təcrübəli rəqib də müdafiə xəttimizdə yaranan boşluqlardan istifadə edib əks-hücumlardan fərqləndi. Hesab arasında fərqin böyük olmasını son 10 dəqiqədə hücuma atılmağımızla əlaqələndirə bilərəm”.

“Qarabağ” 3:0-lıq qələbədən sonra xalların sayını 50-yə çatdıraraq lider kürsüsündəki yerini bərkidib. “Səbail” isə 10 xalla 10 komanda arasında sonuncudur.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti