Elə futbolçular var ki, Premyer Liqada mütəmadi oynayır, komandasının uğuru üçün ən yaxşısını edir.
Amma aldığı maaş heç 15 gün dolanmağına bəs etmir.
Elələri də var ki, kifayət qədər əlverişli maliyyə şərti ilə müqavilə bağlayıb, di gəl, oynamır, komandasına kömək etmir. Sadəcə ehtiyat oyunçular skamyasında, ya da tribunada oturub oyunlara baxır. Və pulunu qazanır.
“Səbail”dəki Tural Bayramlı kimi.
Bu ilin əvvəlində “Səbail”lə anlaşan, ötən mövsüm 9 oyunda forma geyinən 24 yaşlı yarımmüdafiəçi yayda yeni 2 illik sözləşməyə imza atmışdı.
Müqavilənin maliyyə şərtində Turalın aylıq qazancı 6, ikinci ilində 7 min manat göstərilib. Yəni 20 aylıq anlaşma üçün nə az, nə çox, düz 130 min manat.
Çempionat ekvator xəttinə yaxınlaşıb. “Dənizçilər” avqustdan bu yana 17-si Premyer Liqada, 3-ü Azərbaycan kubokunda olmaqla 20 oyun keçirib.
Bayramov 20 qarşılaşmanın cəmi 3-də top dalınca qaçmaq imkanı qazanıb. Meydanda olduğu dəqiqə sayı isə 63-dür. Nə ilə yadda qalıb? 63 dəqiqə ərzində qırmızı vərəqə alaraq komandasını pis vəziyyətdə qoymaqla.
Baş məşqçi Mahmud Qurbanov Turalın hazırlıq səviyyəsindən və intizamından razı deyil. Ona görə də onu yaxına buraxmır.
Yayda heyəti gücləndirmək üçünsə Bayram Bayramlı və onun kimi daha bir neçə nəfəri yola salmaq lazımdır. Ölkə kubokunda uğur qazanmaq istəyən komanda ortada yeyib, kənarda gəzənləri bir-bir yola salmalıdır.
Bunun üçünsə həmin futbolçularla ortaq məxrəcə gəlmək mütləqdir. Lakin bu, heç də asan görünmür. Öz aramızdır, hansı ağıllı 130 mini qoyub gedər? Gərək bundan yaxşı pul verən ola ki, gedə.
HƏBİB / SPORTİNFO.AZ

