“Səbail” tarixində ilk dəfə Ölkə Kubokunda yarımfinal oynayacaq.
Evdə “Sabah”ı məğlub edən (3:2) Bayıl təmsilçisi cavab qarşılaşmasında da gülən tərəf olmağı bacardı – 1:0.
Bu qələbə təkcə üzləri güldürüb, yarımfinala yol açmadı, həm də baş məşqçi Mahmud Qurbanovun gələcəyinə parlaq işıq saçmış oldu.
Ki, istefa yetişirdi. Qurbanov üçün acı həqiqət gün işığı kimi hər keçən gün daha aydın parıldamaqdaydı.
Hər halda, ayrılıq baş tutsaydı, rəhbərliyi də qınamaq olmayacaqdı. Premyer Liqada son 6 görüşdə məğlubiyyətləri sıralayan kollektiv ümumilikdə 8 turdu qələbə üzünə həsrətdir.
Belə yerdə nə yaxşı oyun, nə də gələcəyə ümid verən gedişlər istefaya mane ola bilməzdi.
Təcrübəli mütəxəssis də buna anlayış göstərməli olacaqdı. Tək çıxış yolu kubokda mübarizəni davam etdirmək ola bilərdi.
Bir sözlə, onun taleyi suda batan adamın saman çöpündən yapışması kimiydi. Qarşındakı rəqib “Sabah”dırsa, başqa bənzətmə fikirləşmək olmur.
Amma kubokdakı nəticəyə söz ola bilməz. MOİK səddini keçmək Qurbanovun boruc idisə, Masazır təmsilçisini mübarizədən kənarlaşdırmaq möcüzəyə bərabər idi. O, möcüzəni bacardı.
İlk oyundakı qələbədən sonra da onlara şans tanıyan yox idi. “Sabah”ın yarımfinala yüksəlməsindən çox “Qarabağ”, yoxsa “Qəbələ”?” sualı ətrafında baş sındırılırdı.
“Pro” kateqoriyalı mütəxəssi bütün proqnozları alt-üst etməyi bacardı.
Həm də haqqındakı istefa hazırlığını. Yəqin ki, indi rəsmilər o söhbəti “büküb” kənara qoyub və qış planlarını Mahmud Qurbanovla qurmaqdadırlar.
Elə çalışdırıcı da pis-yaxşı qarşıdakı “Qarabağ”la qarşılaşmanı yola verib, qış hazırlığı haqqında düşünə bilər.
Bu, yəqin ki, onun paytaxt təmsilçisində son şansı olacaq. Yayda yığılan təcrübə qışda onun dadına çatmalıdır. Növbəti dəfə səhvlərə yer yoxdur. Şansı dəyərləndirmək yolunda önəmli məqam budur.
XANOĞLAN İMANOV

