Belə kollektivlə yaxşı gələcək düşünmək? - Qurbanovun başı dərddədir

12 Dekabr 2022 16:00 Səbail 894
Belə kollektivlə yaxşı gələcək düşünmək? - Qurbanovun başı dərddədir

“Səbail” mövsümdə ilk qələbəsini Premyer Liqanın 4-cü turunda “Kəpəz” üzərində qazanıb – 4:1.

İkinci qələbə 9-cu tur “Sumqayıt”la oyuna (1:0), üçüncü qələbə isə ölkə kubokunun 1/8 final mərhələsində MOİK-lə duelə (4:0) təsadüf edib.

Göründüyü kimi, qələbələrdən ikisi inamlı, biri minimhesabla rəsmiləşib. İnamlı qələbələr də güclü rəqiblər üzərində qazanılmadığı üçün ciddi göstərici sayıla bilməz. Ki, Gəncə təmsilçisi həmin dönəm məğlubiyyətləri sıralayırdısa, Birinci Divizion klubu haqqında da izaha ehtiyac yoxdur.

Bayıl təmsilçisinin ən parlaq qələbəsi Premyer Liqanın 17-ci turu ərəfəsində “Sabah”la ölkə kuboku matçına təsadüf edə bilərdi.

Amma Mahmud Qurbanovun yetirmələri əlinin içində olan böyük üstünlüyü bir göz qırpımında havaya xərclədi.

Belə ki, artıq oyunun 12-ci dəqiqəsində rəqib 1 nəfər azlıqda mübarizə aparmağa məcbur oldu. Say üstünlüyündən məharətlə istifadə edən meydan sahibləri 73-cü dəqiqəyə kimi “tələbələr”in qapısından 3 cavabsız qol keçirməyi bacarmışdı. Bunu hazırkı mövsüm “Qarabağ”dan başqa heç bir klub bacarmayıb. Kifayət qədər ciddi göstəricidir.

Fərqi isə daha da böyüyə bilərdi. Fürsətlər nə qədər desən vardı. Lakin hücumçuların qeyr-dəqiqliyi və ya arxayınçılığı fərqin böyüməsinin qarşısını aldı.

Daha təcrübəli futbolçulardan ibarət qonaqlar isə belə bir fürsəti əldən verə bilməzdi. “Dənizçilər”in ani diqqətsizliyi bəs etdi ki, qısa müddətdə fərq 1 topa ensin. Buna görə Qurbanov özünü və yetirmələrini qınamalıdır. Bu cür üstünlüyü əldən verən kollektivlə yaxşı gələcək barədə düşünmək yersizdir.

Beləcə, mövsümdəki ən rahat, ən parlaq, bəlkə də ən önəmli qələbə əldə çıxmış oldu.

Kubok yarışlarında isə belə səhvləri edən komandalar kənarda qalmağa məhkumdurlar. “Səbail”də də elə olacaqmı? Ehtimal yüksəkdir, ancaq dəqiqin “Bank Respublika Arena”da baş tutacaq cavab matçından sonra biləcəyik.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti