Qaş düzəldən yerdə göz çıxartmaq - Biabırçı nəticələrə bəraət cəhdi...

8 Dekabr 2022 23:40 Səbail 456
Qaş düzəldən yerdə göz çıxartmaq - Biabırçı nəticələrə bəraət cəhdi...

“Səbail”də “qara zolaq” davam edir.

Bayıl klubu 7 turdu qələbə üzünə həsrətdir.

Bu müddətdə “Şamaxı”, “Kəpəz” və “Turan Tovuz” kimi “dişə batan” rəqiblərlə oyunlar da olub. Amma qələbə yox. Mahmud Qurbanovun yetirmələri son 5 oyunda, ümumiyyətlə, xala həsrət qalıb.

İndi Bayıl təmsilçisini sonuncu pillədən cəmi 1 xal ayırır. Qarşıdakı tur “Sumqayıt”a məğlubiyyət rəsmiləşsə komanda artıq həmin pillədə qərar tutacaq.

Görünür, daxildə problemlər böyükdür. Hər halda nə büdcədən şikayət etmək insafdan olar, nə də futbolçulara yaradılan şəraitdən.

Heç hakimlərin də uğursuzluqda imzası olduğunu deyə bilmərik. Amma və lakin...

Deyəsən, “Səbail”də bunun əksini düşünürlər. Hər halda sosial şəbəkə hesablarından aparılan piar bunu deməyə əsas verir.

Belə ki, klubun rəsmi hesablarındakı son iki paylaşım hakimlərin “Səbail”in oyunlarında verdiyi qərarlarla bağlıdır.

Öncə sonuncu tur “Qəbələ” səfərində məğlubiyyəti (1:2) gətirən ikinci qoldan əvvəlki epizod paylaşılıb. Oyunun baş hakimi Rəşad Əhmədovun buraxılan qoldan əvvəl rəqib futbolçunun qaydanı pozmasına eyham vurulub.

Ardınca 11 tur əvvəl “Sabah”la oyunda (0:0) Qoba Zakpaya qarşı rəqib futbolçuların qaydanı pozmasını göstərən epizodun videosu izləyicilər üçün paylaşılıb.

Əvvəla, hər iki epizod müzakirəyə açıqdır. Lap tutaq ki, hər iki halda “Səbail”in əleyhinə hakim qərarları olub.

Bu, nəyi dəyişir? Heç nəyi! 16 turda iki şübhəli epizodun tapılması əslində ədalət təmsilçilərinin "Səbail"ə qarşı nə qədər ədalətli olmasını göstərmiş olub.

Çünki müqayisə aparsaq digər klublara qarşı oxşar nöqsanlar ən azı iki dəfə çox olub. Atılan addıma tək izah vermək olar - 7 turdu davam edən biabırçı nəticələrə bəraət qazandırmaq cəhdi.

Qaş düzəldən yerdə göz çıxartmaq

bu olsun, gərək!

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda