Premyer Liqa klubunda əcnəbi baş məşqçinin ayaq səsləri eşidilir...

2 Dekabr 2022 11:40 Səbail 797
Premyer Liqa klubunda əcnəbi baş məşqçinin ayaq səsləri eşidilir...

Uğursuz mövsüm keçirən «Səbail»də sükutun pozulmasına bir şey qalmayıb.

Mahmud Qurbanovun istefaya göndərilməsinə hazırlıq gedir.

Klub rəhbərliyində təmsil olunan bir sıra şəxslər baş məşqçinin dəyişdirilməsi üçün iş aparır.

Bu kampaniya 3 ay öncə başlayıb. Mayın sonunda komandanı Aftandil Hacıyevdən təhvil almış Mahmud Qurbanovu Rauf Vəliyevin - klubun birinci şəxsinin gözündən salmaq üçün çırmanan rəsmilər hər yerdə antitəbliğat aparır.

Müşahidə Şurasında, klubun gündəlik fəaliyyətində iştirak edən mənsublar sözlə yalnız VİP-lojanı qarışdırmır, eyni zamanda, komandanın içinə də «çubuq soxur».

Təsadüfi deyil ki, əksər futbolçuların baş məşqçi və köməkçiləri ilə yaşadığı problemlər, qalmaqallar bir-birini əvəzləyir. Hələ Gürcüstan toplanışından başlayan bu çəkişmələr ta bu günə kimi öz aktuallığını qorumaqdadır.

Gözlənildiyi kimi, daxili gərginlik nəticələrə də sirayət edib. «Dənizçilər» 12 tur ərzində 10 xal toplayıb və turnir cədvəlinin təhlükəli zonasında, 7-ci pillədə qərarlaşıb.

Passivində 9 məğlubiyyət olan Bayıl təmsilçisini çalışdırmağa namizədlərin adlarının mətbuata sızdırılması bu mənada təsadüfi sayılmamalıdır.

Onlardan biri də Rusiya millisinin sabiq hücumçusu Aleksandr Kerjakovdur. 40 yaşlı mütəxəssis bu barədə "Sport-express" nəşrinə açıqlama verib.

"Mən "Səbail"ə rəhbərlik edə bilərəmmi? Hələlik şərh yoxdur. Bir şey olanda dərhal biləcəksiniz", - deyə, o, vurğulayıb.

Aleksandr Kerjakov son olaraq 2021/2022 mövsümündə "Nijni Novqorod"un sükanı arxasında olub.

"Səbail"in icraçı direktoru Fərəc Əliyev Rusiya mətbuatına danışıb. "Sport24.ru"ya açıqlama verən Əliyev Kerjakovun bu kluba baş məşqçi təyin olunmaq ehtimalını dəyərləndirib və yayılan xəbərləri təkzib edib:

"Biz Aleksandr Kerjakovla heç vaxt danışıq aparmamışıq və aparmırıq da. Mediada bu cür məlumatların haradan yer alması bəlli deyil.

Bu, doğru deyil. Bizim etibar etdiyimiz öz baş məşqçimiz var".

“Səbail”in icraçı direktoru “report”a açıqlamasında qeyd edib ki, 40 yaşlı mütəxəssis heç vaxt rəhbərliyin gündəmində olmayıb:

“Aleksandr Kerjakovla heç vaxt danışıq aparmamışıq. Rusiya mətbuatının bu xəbəri haradan götürdüyünü, Kerjakovun adını niyə məhz “Səbail”lə hallandırdıqlarını bilmirəm.

Bizim nəinki Kerjakov, ümumiyyətlə, heç bir mütəxəssislə danışıq aparmaq fikrimiz olmayıb. Rəhbərlik baş məşqçimiz Mahmud Qurbanova güvənir”.

Fərəc Əliyevin söylədikləri blefdir. İz azdırır. Əslində, Mahmud Qurbanovun əsas əleyhdarlarından biri də odur. Çünki baş məşqçi ona tabe olmur,

fikirlərini dinləmir, məsləhətləri ilə oturub-durmur. Hazırkı çalışdırıcı onun iradəsindən kənar bura gətirilib.

İcraçı direktor Aftandil Hacıyevin vəzifədən alınmasında iştirakçılardan biridir və hələ o vaxt çox cəhd göstərib ki, yaxın münasibət qurduğu məşqçilərdən birini sükan arxasına gətirsin.

AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovun təqdimatına qarşı açıq-aşkar çıxa bilmədiyi üçün «qınına çəkilən» F.Əliyevin altdan-altdan onun əleyhinə iş çevirməsi M.Qurbanovun özünə də məxsusdur.

İcraçı direktor hər nə qədər dansa da, şübhə yoxdur ki, Kerjakovun adı ona yaxın menecerlərdən biri tərəfdən dövriyyəyə buraxılıb. Bunda əsas məram «nəbz tutmaqdır».

Əliyev klubun baş sponsoru olan «Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyevin uğursuz nəticələrdən tezliklə bezəcəyini təxmin eləyir və müxtəlif adların mətbuatda çəkilməsində maraqlıdır.

Sözügedən funksioner komandanın əcnəbi məşqçiyə tapşırılmasından ötrü sinov gedir. Niyə məhz Kerjakov? Murad Musayevin «Sabah»da gördüyü işlər Fərəc Əliyevi ümidləndirib.

Onun timsalında rusdilli mütəxəssislərin ölkəmizdə uğur qazanacağına inanan F.Əliyev hesab edir ki, «Səbail»ə də bu ölkədən birini gətirmək zəruridir.

Gəlin xatırlayaq ki, o, vaxtilə «İnter»də (indiki «Şamaxı») yadellilərlə işləməyə öyrəşib. Valentin Xodukin və Kaxaber Sxadadzenin zamanında klubda operator olaraq çalışmış F.Əliyev, deyəsən, sonuncudan rusca eşitdiyi sözlər üçün darıxıb.

Bunu deyərkən nəyi nəzərdə tururuq? Özü yaxşı bilir...

MUSA

Digər Xəbərlər
Xəbər Lenti