Qurbanovu göndərsinlərmi, saxlasınlarmı?

28 Noyabr 2022 14:00 Səbail 453
Qurbanovu göndərsinlərmi, saxlasınlarmı?

«Səbail» milli aradan məğlubiyyətlə döndü.

«Neftçi»nin qonağı oldular və növbəti yenilgini öz passivlərinə yazdılar.

Bu, Mahmud Qurbanovun asanlıqla yadından çıxara bilməyəcəyi bir qarşılaşma oldu. Doğrudan da, təəssüflənməyə və şansızlıqdan şikayətlənməyə dəyər.

«Səbail» bürünc medal qazanmağa favorit göstərilən «Neftçi»yə oyun planında uduzmadı. Daha gümrah və istəkli mücadilə etdilər.

Özəlliklə ikinci hissədə. Bol-bol qol epizodları yaratdılar. Bölüşdürmək lazım olsaydı, bəlkə də 3-4 oyuna çatacaq qədər fürsət yaxaladılar.

Fərdi səhvlər «Səbail»i minimum 1 xaldan məhrum etdi, məğlubiyyətə sürüklədi.

Mahmud Qurbanov elə bir həftə olmayıb ki, rotasiyaya əl atmasın. Hər tur fərqli «onbirliy»i meydana buraxır.

Düşünmürəm ki, o, axtarışa çıxıb, «onurğa situnu»nu qurmağa çalışır. Məncə, Qurbanov qışdan sonra komandada saxlayacağı dörd-beş futbolçunu seçmək niyyətindədir.

Klubun arxasında dayanan şəxsə - Rauf Cabbarova üzümü tutub buradan demək istəyirəm ki, baş məşqçinin arxasında dayanmağa davam etsin, təklənməsinə imkan verməsin.

Hər özünü futbol bilicisi sayanın, işbaz menecerlərin sözünə qulaq asmasın. Ətrafda suyu bulandıranlar çoxdur, onlar Qurbanovun «xərclənməsi» üçün dəridən-qabıqdan çıxır.

Onsuz da, olan olub. «Keçənə güzəşt» deyərlər. Mahmud Qurbanovun vaxtı var, seleksiya prosesindəki səhvləri düzəldə bilər.

Ona zaman tanımaq lazımdır. Heç olmasa, ziyanın yarısından qayıtmaq üçün. Bunun işartıları gözə dəyir artıq. Bir az da səbr göstərilsə, nəticə gələcək.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti