"Neftçi"dən qalmaqalla ayrıldı, "qol orucu"nu pozdu, susmağa "davam" dedi

26 Noyabr 2022 19:00 Səbail 944
"Neftçi"dən qalmaqalla ayrıldı, "qol orucu"nu pozdu, susmağa "davam" dedi

“Səbail”in forvardı Mirabdulla Abbasovun bir ildən artıqdır davam edən qol həsrəti başa çatıb.

Ölkə kubokunun MOİK-ə qarşı matçında (4:0) ikinci yarı meydana çıxan futbolçu bir qol və bir asistlə yadda qalıb.

Mövsümün əvvəli Bayıl təmsilçisinə gələn Abbasov sonuncu dəfə ötən ilin oktyabrında “Neftçi”nin heyətində fərqlənib. O, “Zirə”yə qarşı (2:1) oyunda əvəzlənmədən meydana daxil olaraq komandasına qələbə gətirən qolu vurub.

Sonrakı 6 matçda “qol orucu”na start verən hücumçu qış fasiləsində baş məşqçi Samir Abasovun qəzəbinə tuş gələrək əvəzedici komandaya göndərilmişdi.

Yenidən əsas komandaya qayıtmağın çətin olduğunu bir qədər gec olsa da anlayan “Neftçi” yetirməsi, bu ilin sentyabrında qarşılıqlı anlaşma ilə məxsus olduğu klubdan ayrılaraq “Səbail”ə keçib.

O, burada meydana çıxdığı 8-ci matçda hücumçu olduğunu, qol vurmalı olduğunu anladı. Hər halda, zəif rəqib önündə olsa da belə. Qarşıdan isə onun qalmaqalla ayrıldığı sabiq komandası "Neftçi" ilə matç gəlir.

Elə Mirabdullanı aramaqda məqsədimiz də qarşıdakı oyundan, pozduğu “qol orucu”ndan, “Neftçi”də yaşadıqlarından və gələcək karyerası barədə söhbətləşmək idi. Axı futbolçu son bir ili qol vura bilməməklə bərabər, həm də mətbuatdan qaçmaqla yadda qalırdı. Təbii ki, klubun saytına verdiyi açıqlama və müsahibələr xaric.

Bu dəfə də 27 yaşlı ön xətt oyunçusu qəti şəkildə bizə danışmaq istəmədiyini dilə gətirdi, amma iki gün sonra klubun saytına müsahibə verməklə yadda qaldı.

Görəsən, “qol orucu” 1 ildən artıq çəkən sabiq milli üzvünün danışmamaq şakəri nə vaxta kimi davam edəcək? Gözləyək...

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti