Atadan balaya “hədiyyə”... 8 milyon manatlıq büdcə ilə 8 manatlıq oyunu olmayan komanda

12 Noyabr 2022 00:40 Səbail 1 462
Atadan balaya “hədiyyə”... 8 milyon manatlıq büdcə ilə 8 manatlıq oyunu olmayan komanda

Azərbaycan futbolunda nəyə xidmət etdiyi, məqsədinin, məramının nə olduğu bilinməyən klublardan biri də “Səbail”dir.

2016-cı ildə yaradılan və ilk illərində AFFA prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin sərəncamına verilən komanda elə o vaxtdan bəri daim mətbuatın tənqid hədəflərindən biri olub.

Rəşad Abdullayevin 2017-ci ildə klubun Müşahidə Şurasının sədri postundan getməsindən sonra da “Səbail”də “sular durulmayıb”.

Rəşad Abdullayev (ortada)

“Səbail” gah futbolçu karyerasını bitirmək üzrə olan məşhur Maykl Essyeni gətirib, ona illik 250 min avro maaş verməsi ilə gündəm olub, gah da baş məşqçi ilə bu gün müqavilə bağlayıb, sabah “yaxşı yol” deməsi ilə. Xülasə, bu komandanın Azərbaycan futbolundan başqa hamıya xeyri dəyib.

Lənkəranın, Masallının, Qubanın, Qusarın, Naxçıvanın, Şəmkirin, Zaqatalanın böyük futbola həsrət qaldığı vaxtda Bakının göbəyində komanda yaratmağın nə mənası, nə anlamı var idi? Bu suala Rövnəq Abdullayev də, oğlu da heç vaxt cavab vermədi. Əslində biz cavabı bilirik, yəqin elə əziz oxucu, sən də bilirsən. Paytaxtda oyuncaq klub yaradıb, onun üzərindən ciblərini əlavə pulla doldurmaq “Səbail”in yaradıcılarına sərf edirdi…

Həmin bu “Səbail” cari mövsümdə Azərbaycan Premyer Liqasında 13 oyun keçirib, cəmi iki qələbə qazanıb, dörd dəfə heç-heçə edib, yeddi dəfə uduzub! 10 xalla turnir cədvəlinin 7-ci pilləsinə pərçim olub, qalıb. Komandanın baş məşqçisi, futbolçu karyerası dövründə “Professor” ləqəbi alan, məşqçi kimi isə pis oxuyan şagird təəssüratı yaradan Mahmud Qurbanovun əlinin altında Ukraynadan, Braziliyadan, Argentinadan, Bolqarıstandan və Portuqaliyadan legionerlər var. Bizdə olan məlumata görə, “Səbail”in hazırkı büdcəsi kifayət qədər sanballı və yaxşıdır. “PAŞA Sığorta”nın mövsümün əvvəlində kluba sponsosrluq etməsindən sonra Bakı təmsilçisinin büdcəsinin azı 8 milyon manat olduğu deyilir. Bu isə Azərbaycan şərtlərində az məbləğ deyil. Məsələn, maliyyə problemləri başından aşan, avtobussuz “Turan Tovuz”un turnir cədvəlindəki mövqeyi də, sərgilədiyi oyun da “Səbail”dən qat-qat yaxşıdır. Yeri gəlmişkən, həmin avtobussuz “Turan Tovuz” bu mövsüm “Səbail”lə iki dəfə qarşılaşıb, birində qələbə qazanıb, digər oyunda heç-heçə edib.

Maykl Essyen “Səbail”lə müqavilə bağlayır

Biz Azərbaycan futbolunda şəffaflıq, inkişaf istəyirik. İstəyirik ki, Azərbaycan xalqına məxsus olan pullar Azərbaycan futbolunun inkişafına xərclənsin, kimlərsə bu pulları oğurlamasın, özlərinə, qohum-əqrabalarına mal-mülk almasın, var-dövlət sahibi olmasın. “Səbail”ə ayrılan milyon manatlarla Gəncədə dağılmaqda olan stadionu bərpa etmək, rayonlardan birində normal komanda, ya da, uşaq akademiyası yaratmaq olar. Qobanın, Kizitonun, Mazurekin, Martinovun, Maksimin (“Səbail”in legionerləri) ciblərinə gedən pullar çölə atılmış pullardır. İnanmırsız? Bir dəqiqə vaxtınızı ayırın, girin Peşəkar Futbol Liqasının rəsmi saytına, turnir cədvəlinə baxın. Bir dəfə də, 90 dəqiqənizə qıyın, oturun, “Səbail”in oyununa baxın. Baxın və görün, 8 milyon manat büdcəsi olan komanda 8 manatlıq oyun oynayırmı? (komanda.az)

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"