Adı Mahmud Qurbanovla yanaşı çəkilir, özü iddianı qəbul etmir: “Razı deyiləm”

8 Noyabr 2022 16:40 Səbail 1 128
Adı Mahmud Qurbanovla yanaşı çəkilir, özü iddianı qəbul etmir: “Razı deyiləm”

Mahmud Qurbanovlu “Səbail”in işləri qaydasında getmir.

Yayda heyətinə 8 əcnəbi və ümumilikdə 15-ə yaxın futbolçu ilə gücləndirən Bayıl təmsilçisi 12 oyundan sonra cəmi 10 xal toplamaqla 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Mütəxəssislər vəziyyətin bu cür olmasında müxtəlif əsaslar göstərir ki, onlardan biri də Mahmud Qurbanovun yanında ona sözün əsl mənasında kömək edə biləcək məşqçinin olmaması ilə bağlı deyilənlərdir.

49 yaşlı çalışdırıcının korpusunda Tofiq Mustafayev, Zaur Ramazanov və Elşən Poladov yer alıb.

Halbuki baş məşqçi “Neftçi”dən yaxşı tanıdığı, uzun illər çiyin-çiyinə işlədiyi Rəşad Abdullayevi də yayda yanında görmək istədiyini bildirmişdi. Abdullayev isə “Neftçi-2”də əsas söz sahibi olmağı üstün tutmuşdu.

İndi “Səbail”in ümidləri doğrultmadığı vaxtda ağla həm də Rəşad Abdullayev gəlir. Ki, bəlkə, o, Qurbanovun yanında olsaydı, nəticələr fərqli olardı, işlər rəvan gedərdi.

Məlum məsələdə adı çəkilən, “Neftçi-2”nin “sükanı” arxasında uğurlu nəticələr qazanan Rəşad Abdullayev Sportinfo.az-a açıqlamasında “Səbail”in durumundan, özü ilə bağlı deyilənlərdən söz açıb:

“Mahmud Qurbanovla 5 il birlikdə işləmişik. Məşqçi kimi formalaşmağımda Mahmud Qurbanovun böyük rolu var. Həm futbola baxışımız eyni idi, həm də fikirlərimiz üst-üstə düşürdü. Bir sözlə, yaxşı tandem yaranmışdı.

“Səbail”lə bağlı haqqımda deyilənlərlə razılaşa bilmərəm. Əvvəla Mahmud Qurbanovun köməkçiləri kifayət qədər təcrübəli məşqçilərdir.

Özü də illərdir məşqçilik edir, işini bilir. “Rəşad bu gün “Səbail”də olsaydı, nəticələr yaxşı olardı” fikri ilə razı deyiləm. Sabah nə olacağını bu gün heç kim bilmir.

Orada çətinlik nədir? “Səbail” yayda demək olar sıfırdan qurulmuş yeni komandadır. İstər məşqçilər heyəti olsun, istərsə də futbolçular.

Birinci Divizionda nəticə qazanmaya bilərsən. Amma Premyer Liqada elədir ki, hamı nəticə istəyir, nəticə gözləyir.

Sırf Mahmud müəllimə görə “Səbail”in hər oyununa baxıram. Çox istərdim ki, uğurlu nəticələr olsun, üzlər gülsün.

Qarşıda oyunlar çoxdur. İnşallah, toparlanıb lazım olan nəticələri qazanarlar. “Səbail”ə, Mahmud Qurbanova və köməkçilərinə uğurlar arzulayıram”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti