Çörəyinin duzu olmayan Qurbanov haqda bəzi qeydlər

7 Noyabr 2022 21:20 Səbail 898
Çörəyinin duzu olmayan Qurbanov haqda bəzi qeydlər

Bu minvalla növbəti baş məşqçi istefası barədə xəbəri «Səbail»dən alacağıq.

Futbolçular Mahmud Qurbanovu ərizə yazmağa doğru aparır.

Həqiqətən bir çoxu başa düşmür, yaxud başa düşmək istəmir ki, onlara şans verən şəxs məhz bu adamdır.

İşdir-şayəd, komanda yeni çalışdırıcıya tapşırılsa, hazırda burada olanların əksəriyyəti çox keçmədən düşərgədən yola salınacaq. Qalanlar olsa belə, indiki qədər məvacib almayacaqlar.

«Səbail»də bir xeyli futbolçusu var, hansılar ki, onlara ödənilən məvacib real qiymətlərini kifayət qədər üstələyir.

1500-2000 manat maaş almalı olan yerli oyunçu 5000 manat alır. 3000 dollarlıq legioner isə 3-4 dəfə artıq əməkhaqqını alı rvə qoyur cibinə. Bu çoxluğun olduğu yerdə nə xeyir olar, nə bərəkət.

Mahmud Qurbanov hər turdan sonra komandasından şikayətlənir. Fəqət, transfer siyasətinin yanlış qurulması haqda onun dilindən bir kəlmə belə, eşitmirik.

Olmaya, bu heyəti başqasımı yığıb? Ona deyən varıydımı ki, futbolçulara bir belə jest etsin? Çörəyinin duzu yoxdur, axır bunu bilməli və razılaşmalıdır.

Hə, ola bilsin ki, rəhbərlik Qurbanovdan cari mövsüm nəticə tələb etmir, avrokuboklara vəsiqə tələb etmir.

Amma bu, əsas vermir ki, «Səbail» məğlubiyyətləri mirvariyə düzməli, Qurbanov da buna dözməlidir. Əl atdığı cəza tədbirləri futbolçuları real həyata qaytarmır.

Ötən müddət yalnız bunu göstərdi. Nə isə başqa bir yanaşma və cəza metodu fikirləşməlidir.

Onu isə özü axtarıb tapmalıdır. İstefa ərizəsi yazmaq üçün klubun ofsinə dəvət olunmaq istəmirsə əgər.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti