Azərbaycanda baş məşqçisinə və futbolçularına tənə vuran ikinci belə klub varmı?

31 Oktyabr 2022 15:00 Səbail 932
Azərbaycanda baş məşqçisinə və futbolçularına tənə vuran ikinci belə klub varmı?

«Səbail»in mətbuat xidməti əsas komandanın çıxışını növbəti dəfə aşağılayıb.

«Dənizçilər» rəsmi «feysbuk» səhifəsində «Kəpəz»lə oyunun nəticəsini (0:3) «Gəncədə ağır məğlubiyyət» başlığı ilə izləyicilərinin diqqətinə çatdırıb.

Premyer Liqanın 12-ci turu çərçivəsində keçirilən qarşılaşmaya bu cür münasibət, əlbəttə, təsadüfi deyil. İdman direktoru Fərəc Əliyev və digər funksionerlər Mahmud Qurbanovun əleyhinə birləşib.

Baş məşqçini uğursuz biri kimi göstərmək və vəzifədən uzaqlaşdırmaq üçün onların məqsədidir.

Bu şəxslər klubun baş sponsoru – «Xəzər Dəniz Gəmiçiliyi»nin İdarə Heyətinin sədri Rauf Vəliyev tərəfindən dəstəklənən «Pro» kateqoriyalı mütəxəssisi onun gözündən salmaq üçün əlindən gələni əsirgəmir.

Son paylaşım da bu «çalışma»nın təzahürüdür. Əks halda, mətbuat xidməti «Kəpəz»ə yenilgini bu başlıqla niyə tirajlasın ki..?

Klubun sosial şəbəkə hesabı fərdi şəkildə çalışan hansısa mətbu orqan deyil ki, «Səbail»in məğlubiyyətini publikaya belə çatdırsın. Bu, həm peşəkarlığa ziddir, həm də klubun ümumi imicinə zərbədir.

Komandanın harada və hansı hesabla uduzmasına baxmayaraq, media siyasətinə məsul şəxslərin borcudur ki, «Səbail»in reputasiyasını nəzərə alsın, onu ayrı-ayrı fərdlərin şəxsi maraqlarına «xərcləməsin».

Təəssüf ki, burada hər iş tərsinə görülür, daxili intriqalar sosial şəbəkələr vasitəsilə ictimaiyyətə «ötürülür».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti