Qurbanovu niyə sevmirlər?

30 Oktyabr 2022 09:40 Səbail 1 387
Qurbanovu niyə sevmirlər?

12 turun tən yarısı qədər – 6 məğlubiyyət.

Bu, «Səbail»in göstəricisidir. Tam bir fiasko, deyilmi?!

Mahmud Qurbanov ilk qələbəsini «Kəpəz» üzərində qazanmışdı. Onda doğma şəhərinin komandasını Yaşar Vahabzadə çalışdırırdı.

O oyun Vahabzadə üçün sonuncu oldu, Qurbanov isə bu dəfə doğulub boya-başa çatdığı Gəncəyə qonaq qismində təşrif buyurdu və «isti hesab»la geri dönməli oldu.

«Kəpəz»ə özünü «Real» kimi hiss etmək imkanı yaradan və ev sahiblərinin qarşısında aciz görünən «Səbail» rəhbərliyi artıq papağını qarşısına qoyub, ciddi-ciddi düşünməlidir.

Bir-birlərinə sual verməlidirlər ki, gedişat bizi hara aparır?

Hanı Müşahidə Şurası? Haradadır Cahangir Həsənzadə və o biri əllamələr? Qaçıb gizləniblər, eləmi?

Bu şuranın üzvləri bir Nuhun gəmisi dənizin sahilinə yaxınlaşanda yığışmışdı, bir də formal oyunda «Sumqayıt»a 0:5 hesablı məğlubiyyəti bəhanə edib Aftandil Hacıyevi vəzifədən çıxarmaq sifarişi alanda.

İndi buna daha çox ehtiyac var ey! Mahmud Qurbanovu saxlayırlar saxlasınlar, saxlamırlar, bəribaşdan açıqlama yaysınlar.

Qoy, futbolçular da birinci ağızdan eşitsin ki, rəhbərlik baş məşqçini bu tezliklə yerindən tərpətməyəcək, bütün cəhdlər əbəsdir.

Hər oyunda qırmızı vərəqə almaq, nə deməkdir? Düşünürəm ki, bu, qəsdir, qərəzdir, bilərəkdəndir!

Qurbanovu burada sevməyənlər, getməsini arzulayanlar, bunun üçün çalışanlar «n» qədərdir.

Onlar futbolçuların başını «yeyiblər». Yanlarında baş məşqçinin əleyhinə o qədər rəylər səsləndiriblər, day deyiləsi, yazılası deyil!

Bu kollektivə Mahmud Qurbanovun heç bir sözü xoş gəlmir. Yaxşı mənada nəsə söyləsə, yenə o dəqiqə ağıllarına pis fikirlər gəlir, mənfi tərəfini düşünürlər.

Qurbanov bilmirmi, bilir. Görmürmü, görür. Hiss etmirmi, edir. Tək qalıb, odur ki, öhdələrindən gəlmir, gələ bilmir. İstəsə də, bacarmayacaq ta!

Necə ki, onun başının altına yastıq qoyanlar komanda üzvlərinə barmaq silkələməyəcək, «Kəpəz»ə biabırçı məğlubiyyət axırıncı yox, axarıncı olacaq.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti