Bayramlı Qurbanovun ümidini necə PUÇ ETDİ?

26 Oktyabr 2022 17:00 Səbail 1 516
Bayramlı Qurbanovun ümidini necə PUÇ ETDİ?

"Səbail" sonuncu turun "Şamaxı" ilə matçını (0:0) yenə 10 nəfərlə başa vurmalı oldu.

Səbəb isə Tural Bayramlının meydanın mərkəzində etdiyi lazımsız hərəkətdən sonra 32-ci dəqiqədə haqqlı olaraq qırmızı vərəqə alması oldu.

Bu, Bayıl təmsilçisinin arxada qalan turlar ərzində başına gələn üçüncü belə haldır.

Paytaxt klubunun başına gələn ilk belə hal da Turala görə olub. O, 6-cı turun "Zirə" ilə oyununda komandasını pis vəziyyətdə qoyub. Mahmud Qurbanov 2:1 uduzan komandasının oyunun gücləndirmək üçün 64-cü dəqiqə onu meydana buraxmışdı. 24 yaşlı yarımmüdafiəçi isə cəmi 8 dəqiqə sonra yenə lüzumsuz bir hərəkətə görə qarşısında qırmızı vərəqə görmüşdü.

Ümumiyyətlə, bu futbolçu Mahmud Qurbanov üçün heç də önəmli fiqur sayılmayıb.

Əbəs deyil ki, onun mövsümdəki debütu 5-ci turda “Sabah”a qarşı cəmi 12 dəqiqə olub.

Sadəcə heyətdəki ciddi itkilər çalışdırıcını tədricən ona da şans verməyə vadar etmiş oldu.

Davamında futbolçu növbəti tur “Zirə” ilə məlum oyunda meydana çıxdı. Üst-üstə oynadığı cəmi 20 dəqiqənin qarşılığı qırmızı vərəqə oldu.

Bundan sonrakı 2 turu məlum cəzaya görə buraxan futbolçu, növbəti iki turu da ehtiyatda keçirməli oldu. “Səbail-2”nin heyətində “İmişli”yə qarşı oyunda (3:2) meydanda olan və qol vuran futbolçunun əsas komandadan hələ uzun müddət uzaq qalacağı ehtimal olunurdu.

Amma yenə bağışlanan futbolçu “Şamaxı” ilə vacib görüşdə birbaşa əsas heyətdə şans qazandı.

Gözləmək olardı ki, futbolçu bu dəfə meydandakı mübarizəsi ilə məşqçinin ümidlərin doğruldacaq, verdiyi şansı maksimum dəyərləndirəcək.

Amma məsuliyyətsiz futbolçu bu dəfə cəmi 42 dəqiqə özünü intizamlı apara bildi. Əslində həmin dəqiqəyə kimi də Bayramlı bir neçə dəfə oxşar səhvə yol vermiş, lazımsız top itkiləri ilə yadda qalaraq Mahmud bəyin əsəbləri ilə oynamışdı.

Hər halda gənc mütəxsəssisin jestlərindən bunun hiss etməmək mümkün deyildi. Böyük ehtimal fasilədə onu əvəzləyəcəkdi. “Sağ olsun” futbolçu buna imkan verməyərək, özü meydanı erkən tərk etdi.

Sərt xarakterli Qurbanovun növbəti dəfə Qurbanlını bağışlayacağı inandırcı görünmür. Haqqı da var. Azca ədaləti olsa, Tural da qərarı doğru sayar. Belədə yarımmüdafiəçi indidən qışın planların qurub, özünə yeni iş yeri axtarışına çıxa bilər. Belə davranışlarından sonra tapa bilsə...

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti