Ağabala Ramazanovsuz "Səbail" ruhsuz bədən kimidir. O meydanda olmadısa, komandanın oyununda mənfi çalarlar göz qamaşdırır.
Elə kollektivin qazandığı xalların hamısı da aşağı-yuxarı onun xidmətləri sayəsində baş tutub.
Məsələn, mövsümə iki ardıcıl məğlubiyyətlə başlayan "Səbail" onun xidmətindən istifadə edə bilmirdi.
Zədəsini bərpa edən futbolçu yalnız üçüncü turda meydana çıxa bilib. Və onun qayıtdığı ilk matçdaca komanda "Şamaxı"dan ilk xalını almağı bacarıb - 1:1.
Mövsümdə qazanılan ilk qələbə də birbaşa onun adı ilə bağlıdır.
Belə ki, 4-cü turda "Kəpəz"i qəbul edən paytaxt təmsilçisi darmadağınla qələbə qazanıb - 4:1.
29 yaşlı forvard vurduğu 2 qol və 1 asistlə görüşün taleyini həll edən sima olub.
Onun meydanda olduğu 8 oyundan yalnız 3-də komanda uduzub. "Neftçi"yə məğlubiyyət anlaşılandır. "Zirə" və "Qəbələ" ilə oyunlarda isə uzun müddət azlıqda qalan komanda yalnız sonda minimalhesablı (1:2, 1:2) məğlubiyyətə razılaşmalı olub.
Hər iki matçda da təsəlli qolu Ağabala Ramazanova məxsusdur. Say azlığına rəğmən son saniyəyə kimi "Səbail"in rəqiblərinə rahat nəfəs almağa imkan verməməsində, məğlubiyyətdən xilas olmaq yolunda hücumlar qurmasında onun əməyi danılmazdır.
Çətin Tovuz səfərindən (2:2) bir xalla qayıtmaq da məhz "10 nömrə"nin vurduğu qol sayəsində mümkün olub.
Elə "Turan Tovuz"la oyunda narahatlıq hiss edən kapitana "Şamaxı"ya qarşı son oyunda istirahət verilmişdi. Onun yoxluğunda yoldaşları yenə böyük əziyyət çəkdi. Və sonda məğlubiyyətə bərabər heç-heçə qeydə alınmış oldu - 0:0.
Düzdü, 42-ci dəqiqədə Tural Bayramovun qırmızı alması da nəticədə az rol oynamadı. Amma həmin dəqiqəyə kimi də Ağabalanın yoxluğu meydanda açıq-aşkar sezilirdi. Görünür, kapitan gec sağalsa, gənc mütəxəssis onsuz hələ çox əziyyət çəkməli olacaq.
XANOĞLAN İMANOV

