Azərbaycan Premyer Liqasının 11-ci turunda qeyri-adi hal baş verib.
“Səbail” və “Sumqayıt” arasında keçirilən matçın (0:0) 90+4-cü dəqiqəsində gərgin anlar yaşanıb.
Belə ki, Bayıl klubunun futbolçuları topu yan xəttdən oyuna daxil edib. Lakin hakim həmin vaxt ofsayd qərarı verib. Bayrağını qaldıran laysman isə Cavanşir Yusifov olub.
Qaydalara görə isə yan xətdən top oyuna daxil edilərkən, ofsayd qeydə alına bilməz.
Qarşılaşmanı baş hakim olaraq İnqilab Məmmədov idarə edib. “Səbail”ın futbolçularının bir çoxu ona etiraz etsə və vəziyyəti izah etməyə çalışsa da, referi fikrindən daşınmayıb və laysmanın qərarını təsdiqləyib.
İnqilab Məmmədov Premyer Liqanın 6-cı turunda keçirilən “Qarabağ” – “Sabah” oyununda (4:3) da qalmaqallı qərarla yadda qalmışdı. Həmin vaxt da top yan xəttdən çıxmışdı və hakim yanlış tərəfin leyhinə qərar vermişdi.
Ev sahiblərinin qələbə topunu vuran Ramil Şeydayevin penalti nöqtəsinə yaxınlaşmamışdan bir neçə saniyə əvvəlki epizodu, yəqin ki, xatırlayırsız.
Top Ovusu Kvabenaya dəyib meydanı tərk etsə də, laynsman Namiq Hüseynov aut qərarını ağdamlıların xeyrinə vermiş, nəticədə Kadi Borges 11 metrlik cərimə zərbəsi qazanmış, Şeydayev onu qola çevirmişdi.
Epizodun təkrarına baxandan sonra yan xətt hakiminin kobud səhvə yol verdiyi aşkar görünmüşdü. Epizoda yaxın olan baş hakim də nöqsanda müəyyən qədər pay sahibi idi.
Nəticəyə təsir edən səhv baş hakimlə köməkçisinə cəmi 2 oyunluq cəza bahasına başa gəlib. Belə ki, 7 və 8-ci turları kənardan izləyən Məmmədovla Hüseynov 9-cu turda iş başında olub.
İnqilab oktyabrın 8-də “Neftçi” – “Turan” qarşılaşmasını idarə edibsə, Namiq bundan 1 gün əvvəl “Zirə” – “Şamaxı” görüşündə iş başında olub.
Bu isə o deməkdir ki, sentyabrın 11-də səhvə yol verən hakimlərin cəzası 1 ay olub.
AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək bu dəfə onları cəzadan kənarda saxlamayıb. İnqilab Məmmədov və Cavanşir Yusifovu minimum 3-4 turluq cəza gözləyir.
SPORTİNFO.AZ

