Mahmud Qurbanovun məşqçilik bacarığı hələ “Neftçi-2”də çalışandan yaxşı mənada müzakirə olunurdu.
Amma Birinci Divizionun səviyyəsi ölkə çapında yaxşı məşqçi kriteriyası üçün keçərli olmadığını hər birimiz bilirik. Bunun üçün ilk mərhələ Azərbaycan Premyer Liqasıdır.
Mövsümün əvvəli gözlənilmədən Aftandil Hacıyevlə yolları ayıran “Səbail” bu posta Qurbanovu gətirdi. Bakıda və Tiflisdə yaxşı təlim-məşq keçirildi. Heyət bir neçə bahalı legioner və yerli oyunçularla gücləndirildi.
Bir sözlə, bir məşqçinin öz bacarığını göstərməsi üçün münbit şərait yaradıldı. Qaldı iş görmək, özünü isbatlamaq.
Amma start narahatlıq yaratdı. Ardıcıl məğlubiyyətlər, qalmaqallar, oyun sistemsizliyi Mahmud bəyə qarşı mənfi fikirlər formalaşmasına haqqlı əsaslar verdi.
Məsələn, özüm özlüyümdə onun “Səbail”də maksimum 5-6 tur duruş gətirəcəyi qənaətinə gəlmişdim.
Amma gənc mütəxəssis timsalımda əksəriyyəti ehtimallarında yanılda bildi. O, çox təcrübəli davranaraq buradakı ömrünü 11-ci tura kimi uzada bilib. Və yəqin ki, bu müddət hələ bir müddət də uzanacaq. Qurbanov bunu bütün komandaya göstərdiyi sərt üzü ilə bacardı.
Açıqlamalarından və qərarlarından görünür ki, adamda böyük qətiyyət var. Müəyyən qədər də hədə-qorxu psixologiyası. Bir məşqçi üçün bu, faydalı olduğu qədər, zərərli də ola bilər.
Mahmud bəy hələ ki, fayda görür. Hər halda indi meydanda daha sanballı, daha sistemli “Səbail” görürük.
Baş məşçinin işi yaxşı mənada ilk turlardan fərqli olaraq hazırda çox qabarıq şəkildə önə çıxır.
Qalır bu qətiyyəti faydalı olacığı həddə qədər davam etdirmək. Vay o günə ki, zərər sərhəddinə çatasan. Onda yaşanacaqları gənc məşqçi adına təsəvvür etmək istəmirəm.
Ümumiyyətlə, bu məqam nəinki onun “Səbail”, hətta bütün məşqçilik karyerasına birbaşa təsir edə bilər.
XANOĞLAN İMANOV

