“Səbail” ötən mövsüm çox acınacaqlı durumda idi.
Nə futbolçular üçün normal şərait vardı, nə də komandanın oynadığı meydança normal vəziyyətdə idi.
Pulsuzluq bəzən futbolçuları aylarla əməkhaqqına həsrət qoyurdu. Sabiq baş məşqçi Aftandil Hacıyev olmasa, bəlkə də klub mövsümün ortasında dağılardı.
Şəxsi nüfuzu hesabına çətinliklərə sinə gələn mütəxəssis pis-yaxşı mövsümü başa vurmağı bacardı.
Amma yeni mövsüm ərəfəsində yaxşı pul mənbəyi tapan qəsəbə klubu görürük.
Öncə baş məşqçi dəyişikliyinə gedən rəhbərlik Aftandil Hacıyevi yola salıb, Mahmud Qurbanovla yola davam dedi.
Heyət çox sayda yeni legionerlərlə gücləndi. Bir neçə təcrübəli azərbaycanlı heyətə qatıldı. Tiflisdə yaxşı təlim-məşq toplanışı keçirildi.
İlk turlar nəticələr ürəkaçan olmasa da, komanda toparlanıb “Kəpəz”i məğlub etdisə, “Sabah” və “Şamaxı”dan 1 xal qopara bildi.
Amma növbəti üç oyunda məğlubiyyətlər ard-arda gəlməyə başladı. “Zirə”, “Neftçi” və “Qəbələ”yə uduzan komanda yalnız son turda “Sumqayıt”ı məğlub edə bildi – 1:0.
Və indi məlum olur ki, bu qələbəyə görə, futbolçulara nə az, nə çox 2000 manat mükafat verilib. Deyəsən, bu qələbənin dəyəri rəhbərlik üçün çox böyük olub. Amma ağlasığmaz addımdır.
Hər halda rəqib “Neftçi” deyil, “Qarabağ” deyil. Heç “Sabah”da deyil.
Sadəcə mövsümün ən uğursuz komandası minimal hesabla məğlub edilib. Buna da 2000 manat mükafatmı verilər?
Atalar belə yerdə deyib də - kasıb pul tapdı, amma xərcləməyə yer tapmadı. Bizim "Səbail"də indi elə o durumdadır.
XANOĞLAN / SPORTİNFO.AZ

