Qurbanovdan riskli, amma faydalı qərarlar

15 Oktyabr 2022 14:00 Səbail 805
Qurbanovdan riskli, amma faydalı qərarlar

Mahmud Qurbanovun çalışdırdığı "Səbail" mövsümdə ikinci qələbəsini Premyer Liqanın 9-cu turunda "Sumqayıt" üzərində qazandı - 1:0.

Əslində matçdan öncə Bayıl təmsilçisinin şansları o qədər də yüksək göstərilmirdi.

Çünki son həftələr klubda yaşananlar yaxşı gələcək vəd etmirdi. Üç oyunluq məğlubiyyətsizlik seriası - “Kəpəz” üzərində qələbə (4:1), “Sabah” və “Şamaxı” ilə bərabərlikdən (0:0, 1:1) sonra komanda ardıcıl 3 oyun idi uduzurdu.

“Zirə” və “Neftçi”yə məğlubiyyətlərdən sonra gənc mütəxəssis radikal qərarla verməyə başladı. Öncə Luvaqa Kizito əvəzedici komandaya göndərildi. Uqandalı legionerin ardınca eyni qərar digər legioner Fakunda Kardoza ilə bağlı verildi.

“Qəbələ” ilə oyunda daha bir zərbə Qustavo Fransadan gəldi. Braziliyalı mərkəz müdafiəçisi 44-cü dəqiqədə adi epizodda qırmızı vərəqə alaraq komandasını pis vəziyyətdə qoydu. Sonda qonaqların 2:1 hesablı qələbə qazanmasında bunun da birbaşa təsiri oldu.

Böyük ümidlərlə heyətə cəlb olunan legionerlərlə bağlı yaranmış durum narahatlıq yaratmaya bilməzdi. Onların intizamsızlığı daxili ab-havanı korladığı qaçılmaz idi. Çıxış yolu sərt cəzaya əl atmaq idi.

Bu isə təbii ki, riskli qərar olacaqdı. Heyətin kasadlaşmasına, gənc futbolçulara daha çox bel bağlamağa yol açacaqdı. Belədə yaxşı nəticə qazanmaq birə beş çətinləşəcəkdi.

Amma Qurbanov bütün bunları gözə alaraq risk getməyə qərar verdi. Bu gün digərləri də ehtiyatlı olmağa məcburdur ki, Kzito, Kardoza üçün yaşananlar sabah onların da başına gələ bilər.

Qazanılan sonuncu qələbə də bu baxımdan mütəxəssisin qərarlarında daha da qətiyyətli olmasına yol açmış olacaq. Bayıl təmsilçisi ciddi itkilərlə təkcə qələbə qazanmadı, komanda həm də əvvəlki matçlara nisbətdə daha yaxşı oyunla yadda qaldı.

Demək olar rəqibə qol imkanı verməyən paytaxt klubu ən azı 2-3 vəziyyətdə də yaxşı hücumlarla real qol epizodları yarada bildi. Görünən odur ki, bu gün üçün riskli qərar faydalı effek verdi. Sabah necə olacağını isə zaman göstərəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti