Paytaxt klubunda əcnəbilər yerlilərə belə nümunə olur?

2 Oktyabr 2022 21:20 Səbail 684
Paytaxt klubunda əcnəbilər yerlilərə belə nümunə olur?

“Səbail” Premyer Liqada növbəti məğlubiyyətini “Qəbələ”dən aldı.

Bayıl təmsilçisinin minimalhesabla (1:2) məğlub olduğu oyunda diqqəti əsas çəkən məqam komandanın heyəti oldu.

Mahmud Qurbanov cəmi 3 əcnəbiyə ilk onbirlikdə yer ayırmışdı. Oyunun 44-cü dəqiqəsi bu say ikiyə endi. Qustavo De Fransa təxminən 10 dəqiqəlik intervalda aldığı 2 sarı vərəqənin ardınca meydandan qovuldu.

Yay fasiləsində heyətə qoşulan Franko Mazurek 90 dəqiqə ehtiyatda qaldı.

Digər iki əcnəbi – Luvaqa Kzito və Fakundo Kardozo isə bir neçə gün əvvəldən əvəzedici komandaya göndərilmişdi.

Həqiqətən çox acınacaqlı durumdur. Adətən legioner futbolçu yerlidən bir baş üstün oynamalıdır. Meydanda ciddi mənada fərq yaratmalıdır. Necə ki, yerlilərlə müqayisədə maaşları, yaradılan şəraitləri ciddi fərq yaradır.

Onların borclarıdır ki, komandaya güc qatsınlar, səviyyələrin ortaya qoysunlar və ən önəmlisi yerlilərə nümunə olsunlar.

Amma bu gün biz bunların heç birini görmürük. Biri ehtiyatda qalır, digəri adi epizodda qırmızı vərəqə alır, digərləri də əvəzedici komandaya göndərilir. Gənc yerli futbolçu belə əcnəbidən nə götürə bilər? Heç nə!

Deyək ki, birinin xarakteri pis oldu, digəri şanssızlıq yaşadı. Bəs digərləri?

Deməli, yay fasiləsində həm də seleksiya düzgün aparılmayıb. Seçimlər düzgün edilməyib. Mən hələ onların normaldan aşağı səviyyədə oyunlarından yox, intizamsızlıqlarından danışıram. İntizamı yerində olmayan futbolçunun isə oyunun müzakirə etməyə belə dəyməz.

İndidən qış fasiləsində növbəti legioner dəyiş-düyüşünə hazırlaşmaq olar. Ki, Qurbanov ona kimi postunda qala bilsə.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"