Klubda vəziyyət qarışıqdır - Qurbanovu vəzifəyə gətiribsə, arxasında da dayanmalıdır!

17 Sentyabr 2022 09:40 Səbail 1 684
Klubda vəziyyət qarışıqdır - Qurbanovu vəzifəyə gətiribsə, arxasında da dayanmalıdır!

Premyer Liqanın yeddinci turu «Səbail»in növbəti məğlubiyyətini arxivləşdirdi.

vrokuboklara vəsiqə qazanmaq iddiası ilə baş məşqçisini dəyişən, büdcəsini artıran bir klub üçün 1 qələbə az, 4 məğlubiyyət həddən ziyadə çoxdur.

Getməyəcək bu belə. Rauf Vəliyev tərəfindən hesabat istəniləcək və istənilməlidir.

Bir tək Mahmud Qurbanov deyil, klubun gündəlik həyatında iştirak edən funksionerlər də raportu masanın üzərinə qoymalı olacaq.

«Niyə belə olur» sualı yalnız baş məşqçiyə verilməməlidir. Pərdəarxasında - meydandan kənarda, lojada, Bayıl yamacının yuxarısında yerləşən binada elə olaylar baş verir ki, bundan sorumlu olan əsas isim Fərəc Əliyevdir.

İdman direktorunun daha bir baş məşqçi dəyişikliyi etmək istəməsində marağının nə olması bilinsə, kollektiv rahat nəfəs alar.

Komandaya kənar təsir və təzyiqlər güclüdür, Mahmud Qurbanovun bunları təkbaşına önləməsi qeyri-mümkündür. Rauf Vəliyev sabitliyin olmasını, nəticələrin yaxşılaşması üçün baş məşqçiyə etibar göstərməkdən çəkinməməlidir.

İdarəçilərin əl-ayağını yığışdırmalıdır. Mahmud Qurbanovun bir prabanın çəkə bilməyəcəyi futbolçu keçmişi, ad-sanı, hörməti var, klubun bir nömrəli şəxsi gərək bunu nəzərə alsın.

Onu vəzifəyə gətiribsə, arxasında da dayanmalıdır.

Öz növbəsində Mahmud Qurbanov da iş metodikasına yenidən baxmalı, bəzi dəyişiklər etməlidir. «Neftçi»yə məğlubiyyətdən sonra etiraf edib ki, bəzi komandalarla mübarizə aparmağa gücləri çatmır.

Bu, elə əvvəldən bəlli idi də. «Turan Tovuz»a uduzan, «Şamaxı»dan, a kişi, «Şamaxı»dan 1 xalı güclə qoparan «Səbail»in «Qarabağ»a, «Zirə»yə, «Neftçi»yə yeniləcəyini proqnozlaşdırmaq üçün nə «professor» olmaq lazımdır, nə Nyuton, nə də Arximed.

Bu qəbildən olan rəqiblərə açıq futbol təklif etmək intihara bərabərdir, zira, Mahmud Qurbanov da futbolçularından elə bunu istəyir.

Ayağı yorğana görə uzatmaq yerinə.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti