Qurbanovun açıq problemi – Göz gördüyündən qorxmur?

12 Sentyabr 2022 15:00 Səbail 904
Qurbanovun açıq problemi – Göz gördüyündən qorxmur?

«Səbail»in qeyri-sabit çıxışı davam etməkdədir.

Mövsümə Mahmud Qurbanovla başlayan «dənizçilər» geridə qalan 6 tur ərzində cəmi 5 xal toplayıb.

Hələlik yeganə qələbəni «Kəpəz» üzərində qazanan Bayıl təmsilçisi «Şamaxı» və «Sabah» səfərindən 1 xalla dönüb. Üçüncü məğlubiyyəti isə son turda «Zirə»dən aldılar.

Mahmud Qurbanov primitiv qollar buraxdıqlarını, amma nəticə əldə etmək üçün müdafiə futbolu oynamyacaqlarını açıqlayıb.

Baş məşqçi bildirib ki, qapalı üslub onun düşüncələrinə tərsdir və futbolçularından açıq oyun tələb edir. Baxmayaraq ki, oyunu müdafiədən qurmaqla nəticə qazanmağın daha asan olması ilə razılaşır.

Görünür, Qurbanov klubun daxilində gedən söhbətlərdən xəbərsizdir. Ola bilər, inanmır ki, Rauf Vəliyev onun tezliklə postundan uzaqlaşdırılmasıyla bağlı göstəriş verər.

Aman Tanrım, Mahmud bəyin gözünü aç, onu müəyyən hadisələrdən hali et!

Zavalı məşqçi bir bilsə ki, hər oyunda VİP-lojaya yığışanlar nə danışır, əleyhinə nələr söyləyir və bunları edənlər kimlərdir, mətbuat konfranslarında bu cür fikirlər söyləməz.

Nikolayın evini pıçhapıç yıxıb ey, ay Qurbanov!

Vəliyevin böyür-başında dolaşan kəslər ayağının bir balaca büdrəməyini gözləyir, nə açıq futbol, nə zad. İş verirlər ey, iş! Xəbərçilər şeytanın ağlına gəlməyən xəbərlər uydurub, ara qatırlar ey! Birin üstünə beşini də qoyub, suyu bulandırırlar ey!

Ey, Mahmud Qurbanov! Zəhmət olmasa, yuxudan ayılın!

Yönətimdəkilərin ən sevimli futbolçusu olan Tural Bayramlıdan ya əl çəkin, ya da göndərin əvəzedici heyətə.

Ya legionerlərlə şərt kəsin, ya da önlərinə keçməyin.

Ya Emil Balayev, Rahid Əmirquliyev kimi üzdə olan yerli futbolçuların köməkçilərinizlə münasibətlərini qaydasına salın, ya da…

Eh, dəyərli «professor»…

Müdafiə futbolu nümayiş etdirən «Turan Tovuz»un büdcəsi «Səbail»dən dəfələrlə aşağıdır. Nə olsun, «Turan» «Səbail»dən iki dəfə artıq xal toplayıb və turnir cədvəlinin liderlər qrupunda qərarlaşıb.

Tarixdə nəticə qalır və kim deyir ki, Rauf Vəliyev yetərli maliyyə ilə təmin etdiyi «Səbail»dən heç nə istəmir? İstəyir, o yana da keçir.

O, komandanın qarşısına avrokuboklara vəsiqə qazanmaq tələbi qoyub. Mövsümqabağı iclasda söylədiyi fikirlər belə tez yaddan çıxmalı deyildi axı.

Üç illik durğunluqdan sonra büdcənin ağzını açan «Xəzər Dəniz Gəmiçiliyi»nə nəticə gərəkdir və Mahmud Qurbanov onu nəcürsə əldə etməlidir. Komanda istəyir bunu meydanda dombalaq aşa-aşa əldə etsin, istəyir salto vura-vura.

Nəticə, nəticə, yenə də nəticə! Bu olanda bir bəndənin yadına düşməyəcək ki, baş məşqçi vəzifəsində əyləşmiş zat «professor»dur, yaxud narkoman və ya avara reputasiyalı biri.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı