"Müdafiə oyunu ilə xal qazanmaq daha asandı, amma..." - Mahmud Qurbanov

10 Sentyabr 2022 23:30 Səbail 960
"Müdafiə oyunu ilə xal qazanmaq daha asandı, amma..." - Mahmud Qurbanov

"Uduzsaq da, maraqlı alındı. Komandamızın oyunundan razı qaldım. Meydanda azlıqda qalsaq da, bərabərlik qolunu vurmaq üçün şanslarımız var idi. Hər oyunda qol şanslarımız yaranır. Uduzmaq yox, qalib gəlmək istəyirdik. Qırmızı vərəqədən sonra komanda oyundan düşmədi, daha da aqressiv oynadı. Uduzsaq da, göstərdiyimiz oyundan razı qaldım".

Sportinfo.az xəbər verir ki, bu sözləri Premyer Liqanın 6-cı turunun "Səbail" - "Zirə" matçından sonra ev sahiblərinin baş məşqçisi Mahmud Qurbanov deyib. Mətbuat konfransında iştirak edən Qurbanov 1:2 uduzduqları görüşü şərh edib. O, Rahid Əmirquliyevin oynamamasını belə izah edib:

"Optimal heyətimiz yoxdu. Çünki stabil çıxış etmirik. Bir oyun yaxşı oynayırıq, o biri oyun pis. Bizdə əsas heyət anlayışı yoxdu. Çalışırıq ki, bütün futbolçuların xidmətindən istifadə edək, hamının köməyi dəysin. Rahidi meydana buraxmağı düşünürdük. Amma Tural Bayramlının qırmızı vərəqə alması Rahidin meydana çıxmasına mane oldu. O, bizim kapitanımız və təcrübəli futbolçumuzdu. Qarşıdakı turlarda onu meydanda görəcəksiz.

- "Sabah"la matçda qol buraxmayan komanda bu gün iki qol buraxdı. Hansı səhvlər oldu?

- "Sabah"la matçda müdafiəmizin konsentrasiyası daha yaxşı idi. Bu oyunda konsentrasiyanı itirdik və qollar buraxdıq. Əfsuslar olsun ki, asan qollar buraxırıq. Diqqətsizlikdən qapımızda qollar gördük. Görünür ki, ötən tur müdafiədə konsentrasiya daha yaxşı idi.

- Meydana sonradan daxil olan Tural Bayramlının qırmızı vərəqə ilə cəzalandırılması barədə fikriniz necədi?

- Bizim üçün də bir az çətindi. Çünki onu meydana buraxdıq ki, oyunun axarını dəyişsin, bizə kömək etsin, amma çox aqressiv olmasına görə meydandan qovuldu. Onunla söhbətimiz olacaq. İstəmirik ki, belə olsun. 90 dəqiqə 11 nəfrələ oynamaq fikrindəyik.

- "Qarabağ"a qarşı açıq futbol oynadınız uduzduz, "Sabah"a qarşı müdafiə olunub bir xal əldə etdiniz. Bəlkə liderlərə qarşı müdafiə futbolu oynayasız?

- Xal ehtiyatını artırmaq üçün müdafiədə oturmağın da yeri yoxdu. Düzdü, "Sabah"a qarşı daha çox müdafiədə oynadıq. Bu oyunda da qalib gəlmək istəyirik. Uşaqlardan da tələbimiz odur ki, açıq futbol oynayaq, müdafiədə oturmayaq. Müdafiə oyunu ilə xal qazanmaq daha asandı, daha yaxşıdı. Amma belə oynamaq istəmirik. "Sabah"la oyunu çıxmaq şərtilə digər rəqiblərə qarşı açıq futbol oynamağa çalışmışıq. Hücum futbolu oynayanda qol epizodlarımız da olur, əfsuslar olsun ki, istifadə edə bilmirik.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda