Tükdən asılı olan baş məşqçi, iddiası kağız üzərində qalan klub

28 Avqust 2022 17:00 Səbail 1 222
Tükdən asılı olan baş məşqçi, iddiası kağız üzərində qalan klub

Nəhayət, «Səbail» Mahmud Qurbanovun rəhbərliyi altında ilk qələbəsini qazandı.

Siftənin gəlməsi üçün 3 tur gözləyən komanda yeni baş məşqçisini ona doğma olan «Kəpəz» önündə sevindirdi.

Qurbanov vaxtilə futbolçu kimi tanındığı və məşqçi kimi ilk addımlarını atdığı «Kəpəz» üzərində qələbəni, yəqin ki, heç vaxt unutmayacaq.

Bu oyunda o qədər hadisələr yaşandı ki… Qonaqların hesabı açmasından, ardınca əla fürsətləri boşa verməsindən tutmuş, ta Rauf Əliyevin onunla mübahisə etməsinə, bu üzdən yaranan qalmaqala kimi…

Hər bir halda «Səbail» 3 xal qazanan tərəfdir və bu, Mahmud Qurbanovu nisbətən sakitəşdirməlidir.

Klubun başında dayananlar dünənə qədər ondan çox narahat idi, «Qarabağ» və «Turan Tovuz»a məğlubiyyətlər, zəif «Şamaxı» ilə heç-heçə yönətimlə baş məşqçi arasında soyuqluq yaratmışdı.

Bu matçda da qələbə onların olmasaydı, «Səbail»in yeni baş məşqçi axtarışına çıxması yönündə mətbuata xəbərlər sızdırılacaqdj. Elə klubun öz içindən, yuxarı eşalondan.

Açığını söyləmək lazımdırsa, «Səbail» medallar uğrunda mübarizəyə hazır deyil.

Büdcəni xeyli artırmaqlarına, klub çapında bahalı legionerlər transfer etmələrinə, yerli futbolçulara əvvəlki illərdən iki-üç dəfə çox maaş ödəmələrinə baxmayaraq.

Bunlar «Səbail»i üzdə iddialı edib, meydanda isə yarımçıq bir komanda var: üz cizgiləri qarışıq, səması alatoran. İdarəçilər imkan versə, Mahmud Qurbanov, ola bilsin ki, «Səbail»i istədiyi, arzuladığı səviyyəyə qaldıracaq.

Ancaq bu, dəqiqdir - o günü görmək üçün xeyli gözləməli olacaqlar. Hələ çatışmazlıqlar çoxdur. İstər meydanda, istərsə də ondan kənarda.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti