"Sabah"la matçda qaranlıq görünən sabah

11 May 2022 11:40 Səbail 730
"Sabah"la matçda qaranlıq görünən sabah

"Sabah" önündə çox aciz "Səbail" gördük. Halbuki son turlar Bayıl təmsilçisində bir canlanma, aktivlik hiss olunurdu.

Rəhbərliyin artan diqqəti daxildəki ab-havaya da yüksək təsir etdiyi açıq sezilirdi.

Komandanın ötən tur Şamaxıdan xalla qayıtması da əlavə motivasiya mənbəy olmalıydı. Amma olmadı.

Erkən qolun buraxılmamasına Aleksey İsayevin onbirmetrlik zərbəni kənara vurması səbəb oldu. Bu, oyunun ikinci dəqiqəsi hələ başa çatmamış reallaşdı.

Penala səbəb olan legioner futbolçu Camal Araqonun topa müdaxiləsi də əlavə müzakirə mövzusudur. Ki, belə legionerin Premyer Liqada nə işi var axı? O səviyyədə azərbaycanlıları birinci diviziona bəzən buraxmırlar.

İsayevin şanssızlığı komandasına əsla məyusluq gətirmədi. Heç nə olmayıbmış kimi davam edən hücumlar qısa müddətdə fayda verdi.

Amma vurulan qollarda qonaqların aktiv hücum fazasından çox meydan sahiblərinin ağlasığmaz səhvləri rol oynamış oldu.

Öncə milli komandamızın da şərəfini qorumuş, böyük təcrübə sahibi Məhəmməd Mirzəbəyov ispaniyalı Letiçə uşaq kimi aldanınca top yolüstü Adil Nağıyevə də dəyərək qapıdan keçdi.

Növbəti qolda da braziliyalı Lukas Rangel məşqdəymiş kimi havaya yüksəlib başla vurduğu zərbə ilə fərqi ikiyə çatdırmış oldu. Bu məqamda da Camal Araqo müdafiəçi yox, tamaşaçı baxışları ilə epizodu izləyirdi.

Aftandil Hacıyevin yetirmələrinin 90 dəqiqə ərzində bir normal qol epizodu oldu ki, onda da komandanın ən səviyyəli legioneri sayılan Nikolas Raysel boşa verdi. Beləcə "Səbail" mövsümü sonuncu pillədə başa vurmaq yolunda növbəti addımı atılmış oldu.

Son matç həm də onu göstərmiş oldu ki, artan diqqətlə də, pulla da bu "Səbail"lə növbəti mövsüm ciddi nəsə əldə etmək olmaz. Bəzi yerlilər bir dərtdi, əcnəbilər başqa. Hacıyev indidən köklü islahatlara başlaya bilər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti