"Qohumlar arasında çempionatlar təşkil edərdik" - Gövhərli sabah

31 May 20:40 Şahmat 127
"Qohumlar arasında çempionatlar təşkil edərdik" - Gövhərli sabah

"Azərbaycan güləş... ölkəsidir".

Ölkəmizdə fəaliyyət göstərən bəzi əcnəbi futbol mütəxəssisləri istər yerli, istərsə də öz vətənlərinin mətbuatına verdikləri müsahibələrdə idmanımızın "ağır artilleriyası" statusunu daşıyan güləşlə yanaşı, zaman-zaman şahmat və cüdonun da adını hallandırıblar.

Bu, daha çox onların çalışdıqları idman növlərindəki uğursuzluğa bəhanə xarakteri daşısa da, qınamaq, razılaşmamaq da olmur... Bəli, Azərbaycan həm də şahmatçılar ölkəsidir.

Dünya səviyyəli zəkalarımızın adlarını, yaş qrupları üzrə qazanılan nailiyyətləri sadalasaq, nəhəng, nümunəvi bir mənzərə alınar. Xatırlayırsınızsa, ötən il dəfələrlə şahmat mövzusuna müraciət etmişdik. Qısa aralarla uğurlar bir-birini əvəz edir, bəzən isə qələbə, medal soraqları lap üst-üstə düşürdü.

Habelə, nəticələrin bir qisminə adət etmişdiksə, bəziləri tarixi məqamlarla əlamətdar idi. Məsələn, qadınlardan ibarət yığmamızın 27 illik aradan sonra qazandığı Avropa bürüncü.

Analoji yarışda dəfələrlə mükafatın bir addımlığınadək gələn, son olimpiadalarda fərdi qaydada fərqlənən zəriflərimiz, onlara bəslənən etimadı, nəhayət ki, doğrultdular. İndi daha böyük hədəflər uğrunda mübarizə aparmaq zamanıdır. Davamlılıq üçün isə ehtiyat qüvvənin mövcudluğu, onların hazırlanması başlıca şərtdir. Bəs görəsən, vəziyyət nə yerdədir?

Həmişə olduğu kimi, indi də müəyyən baza mövcuddur. Gənclərdən ikisi özlərini yetərincə doğrulda bilibsə, yaxın zamanda komandada bir yeni sima da görə bilərik. İndiki halda buna iki real namizəd var. Beləliklə, Azərbaycanın yeni nəsil xanım şahmatçılarını araşdırarkən, ilk diqqət çəkənlərdən olan Gövhər Beydullayevanın qısa da olsa, maraq doğuracaq hekayəsi ilə görüşünüzə gəlmişik.

Nəsildən gələn həvəs: "Qohumlar arasında çempionatlar təşkil edərdik"

Adının mənası işıq, həyat bəxş etmək anlamına gələn Gövhər, 23 aprel 2003-cü ildə Səudiyyə Ərəbistanının Əl-Zülfi şəhərində, tanınmış həkim-transplantoloq Kamran Beydullayevin ailəsində dünyaya göz açıb. Ailə əslən respublikamızın Ağsu şəhərindəndir. Beydullayevanın ağ-qara fiqurlara qarşı həvəsi lap kiçik yaşlarından, şahmat sevdalısı olan atasının təsiri ilə formalaşıb. Belə ki, ta əvvəldən yaxın qohumları arasında şahmat çox sevilib. K.Beydullayevin dediyinə görə, onlar tez-tez bir araya gələrək, aralarında mini çempionatlar keçirirmişlər. Atasının işi ilə əlaqədar 5 yaşınadək Səudiyyə Ərəbistanında yaşayan Gövhər, qədim oyunun ilk sirlərinə elə bu ölkədə olduğu müddətdə, K.Beydullayevin sayəsində yiyələnib. Bakıya qayıtdıqdan qısa müddət sonra isə kiçik bacısı ilə birgə Həmkarlar İttifaqı Respublika Şahmat və Dama klubuna yazılaraq, əməkdar məşqçi Xanlar Allahverdiyevin qrupunda peşəkar dərslər almağa başlayıb. Lakin bacısının həvəsi uzun çəkmədiyindən, o, yolun böyük hissəsini tək addımlamalı olub.

Respublika, Avropa çempionluqları və qapısı möhkəm çırpılan 2019

8 yaşında birinci dərəcəyədək yüksələn Gövhər, ilk addımlarından uğur zənciri formalaşdıran zəkalardandır. Belə ki, 2013-cü ildə şahmatın rapid və blitz növləri üzrə, müvafiq olaraq, 10 yaşadək qızlar arasında Avropa çempionatının qızıl və gümüş mükafatçısı olan qızımız, yaş qrupları üzrə 5 dəfə respublika çempionudur. 2014 və 2015-ci illəri u-12 yaş qrupu üzrə Avropa ikincisi kimi başa vurubsa, iki il sonra 14 yaşadək qızlar arasında qitənin ən yaxşısı adını qazanıb. Bundan əvvəl isə o, hələ 13 yaşında olarkən, Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət üçüncü komandasının heyətində mübarizə aparmışdı. Keçən ilin əvvəlində qadınlar arasında respublika çempionatında ilk medalını kolleksiyasına daxil edən Beydullayeva, noyabrda Türkiyənin Çorum şəhərində baş tutan yeniyetmələrin şahmat olimpiadasının əsas mükafatını ölkəmizə gətirən komandamızın heyətində yer alıb. Bunlarla yanaşı, 16 yaşlı xanım şahmatçı qadınlar arasında Bakı və "Naxçıvan Open" turnirlərində bir neçə dəfə qızıl medalçı olub.

Qrossmeysterlərə "0", startdakı sürpriz itkinin üzüntüsü

Məlum olduğu kimi, dünyanı cənginə alan koronavirus pandemiyası səbəbindən cari ilin qalan hissəsi üçün nəzərdə tutulan yarışların az qala hamısı ya ləğv olunub, ya da müəyyən və ya qeyri-müəyyən müddətədək təxirə salınıb. Habelə, kişilərin Azərbaycan çempionatı bu qəbildən olsa da, ölkədə ciddi karantin tədbirlərinin görülməsinə qədər qadınlar arasında respublika çempionatı baş tutmuşdu. Doqquz turdan 6 xal toplayan Gövhər sonda ikinci yerdə qərarlaşaraq, çempion olan Xanım Balacayevadan yalnız 0.5 xal geri qaldı. Belə ki, yarış ərzində Beydullayeva, qrossmeysterlər Xəyalə Abdulla, Zeynəb Məmmədyarova, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova və ustalığa namizəd Səbinə Rzalını məyus edib, Xanım və Mələk İsmayılla partiyaları "sülh", Türkan Məmmədyarova və Ayan Allahverdiyeva ilə duelleri xalsız başa vurdu.

"Çempionluğa köklənmişdim" deyir, Gövhər: "Yarışa kifayət qədər yaxşı hazırlaşmışdım, ən azından mükafatçılar sırasına düşəcəyimə inanırdım. İlk turu start gərginliyi səbəbindən yaxşı keçirmədim. Sonradan özümü toparlayıb, güclü rəqiblər üzərində qələbə qazandım. Yarışın birinci yarısını lider kimi başa vurmuşdum. Startda olduğu kimi, ikinci yarıya da uğursuz başladım. Sona doğru güclü rəqiblər üzərində çox vacib qələbələr qazanaraq, liderlər sırasında qərarlaşdım. Axırıncı turda qalib gəlsəydim, birinci yeri tuta bilərdim. Lakin məlumdur ki, belə çətin yarışlarda son turlarda psixoloji faktorlar çox önəmlidir. Həyəcanım, oyunu istədiyim kimi qurmaqda mənə mane oldu. Hər halda, nəticəmi yaxşılaşdırdığım üçün xoşbəxtəm".

"Mümkün qədər çox risk..."

Ənənəvi "Naxçıvan Open" turniri və iyunda Rumıniyada keçirilməsi nəzərdə tutulan qadınlar arasında şəxsi Avropa çempionatının təxirə salınacağı dəqiqləşdiyindən, Beydullayevanın yaxın gələcək üçün planları, sadəcə, hazırlığını daha da artırmaqdır. Yeri gəlmişkən, tanınmış mütəxəssis Fərid Abbasovun qruplarında dərs alan yeniyetmə qızımız, bir müddətdir ki, paralel olaraq qadınlardan ibarət yığmanın kapitanı Fikrət Sideyifzadənin yanında məşq keçir.

Hər şahmatçının özünəməxsus oyun üslubu var. Gövhərə gəldikdə, o, səliqəli, az riskli oyuna üstünlük verir. Çalışır ki, bütün gedişləri qüsursuz, şahmatın ümumi prinsiplərinə uyğun olsun. Adətən, strateji gedişlər və ya sonluqda rəqibini üstələməyə cəhd edir. Ancaq istənilən qarışıq və kəskin vəziyyətlər üçün şərait yarandıqda, vəziyyəti maksimum dəyərləndirmək potensialının olduğunu da qeyd etməliyik.

"Kumirim yoxdur, heç olmayıb" deyir: "Ancaq səliqəli və savadlı oyunlarına görə, Yudit Polqar, Maksim Vaşye-Laqrav, Radoslav Voytaşek və Maykl Adamsı bəyənirəm".

Fikrət Sideyifzadə: "Səliqəli oyunun üstünlükləri qədər də, mənfi tərəfləri var. O baxımdan ki, reytinqdə yuxarı pillədə qərarlaşan şahmatçıları üstələmək üçün gərək mümkün qədər çox risk alasan. Çalışırıq, bu məsələni də yoluna qoyaq. Ümumi götürəndə, Gövhərin şahmata qarşı həvəsi, davamlılığı ən xoş sözlərə layiqdir. Belə davam edib oyun planında bir az da artırsa, yaxın bir-iki ildə komandaya düşəcək".

İdman jurnalistikası...

Ata məşhur həkim, ana bioloq. Kiçik bacı texniki ixtisaslara meyillidir, qardaşı isə atasının davamçısı olmaq istəyir. Bəs görəsən, ziyalı ailənin şahmatçı qızı gələcəkdə hansı peşəni seçmək arzusundadır?

- Hazırda 11-ci sinifdə oxuyuram. Qiymətlərim yaxşıdır. Ancaq davamlı şahmat yarışlarında iştirak etdiyim üçün dərsləri buraxmalı oluram. Buraxdığım mövzuları sonradan oxuyub çatdırmağa çalışıram. Bu il Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmağı planlaşdırıram. İdman jurnalistikasına həvəsim çoxdur. Arzum bakalavr təhsilindən sonra gələcəkdə bu istiqamət üzrə xaricdə magistratura keçməkdir.

Portret

Fərqi yoxdur, idman, ya qeyri-sahə, Azərbaycan geniş anlamda istedadlar, bacarıqlı, zəhmətkeş insanlar ölkəsidir. Burada, sadəcə, seçimi doğru etmək şərtdir. Gövhərin fikrincə, o, hazırda olmalı olduğu yerdədir. İstedad payını xarakteri, aramsız çalışqanlığı ilə bu yerlərədək gətirib-çıxaran Beydullayeva, az yaşına baxmayaraq, yetərincə təcrübəli, soyuqqanlıdır. Daha yaxşı olmaq üçün nəyi necə etmək lazım gəldiyini də hamımızdan yaxşı elə özü bilir.

Sahib Əsədbəyli

Xəbər Lenti
1 İyul 17:38 "Barselona"ya qayıdır
1 İyul 16:14 Rəşad "Sabah"dan getdi