"Sabah"ın 7 aylıq məğlubiyyətsiz seriyası başa çatdı.
Premyer Liqanın 31-ci turunda "Kəpəz"i qəbul edən "bayquşlar" şok məğlubiyyətlə yadda qaldı - 0:1.
Qarşıdan isə daha əhəmiyyətli oyun gəlir.
Yeni çempion ölkə kubokunun finalında "Zirə" ilə üz-üzə gələcək.
Autsayderdən alınan yenilgi həmin oyuna necə təsir edə bilər?
Ümumiyyətlə, ötən mövsüm ölkə kubokunun qalibi olan "Sabah"ın titulu qorumaq şansları nə qədərdir?
Masazır təmsilçisinin və Premyer Liqanın hazırkı bombardiri Coy-Lens Mikels Sportinfo.az-a açıqlamsında yuxarıdakı suallara bu cür cavab verib:
"Futbolda belə məğlubiyyətlər olur. Final isə tam başqadır. Bir oyundan ibarətdir. Həmin gün xüsusi motivasiya almağa ehtiyac yoxdur. Hər şey geridə qalacaq.
Rəqibə gələndə çətin qarşılaşma olacaq. Çempionatda evdə onlarla oynadığımız matçı xatırlayıram. Düşünürəm ki, "Zirə" yenə "beşli" müdafiə ilə çıxış edəcək. Müdafiəyə qapanıb əks-hücumlara bel bağlayacaqlar.
Əgər bu taktika ilə qalib gəlmək istəyirlərsə, eybi yoxdur, amma biz də qol vurmaq üçün yollar tapacağıq. Ümid edirik ki, qalib gəlib kuboka sahib çıxacağıq".
Mayın 13-də keçiriləcək Azərbaycan Kubokunun final matçı saat 20:00-da "Palms Sports Arena"da başlayacaq.
XANOĞLAN

